RU

Energetik içkilər sizi kor edə bilər

Həkim-oftalmoloq kimi praktik fəaliyyətimdə tez-tez göz yorğunluğu, quruluq, “gözdə qum” hissi, görmənin müvəqqəti, yaxud qalıcı zəifləməsi, hətta itirilməsi ilə müraciət edən pasiyentlərlə rastlaşıram. Bu kliniki halların bir hissəsinin səbəbi energetik içkilərin müntəzəm qəbuludur.

Publika.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında həkim-oftalmoloq Günay Zeynalova söyləyib.

Həkim bildirib ki, 1 fincan qəhvə (240 ml) təxminən 100 mq kofeinə bərabərdir. Energetik içkilərdə bu miqdar çox fərqli ola bilər; bəziləri bir fincan qəhvədən xeyli çox, digərləri isə azdır. İstehlakçılar qablaşdırmaların üzərində məhsulun tərkibi ilə tanış olaraq gündəlik istehlak normalarını qoruya bilərlər.

Onun sözlərinə görə, energetik içkilərin əsas tərkib hissəsi olan kofein sidikqovucu təsirə malikdir və orqanizmdə maye itkisinə səbəb olur. Bu göz səthinə təsir göstərərək gözdə yad cisim hissiyyatı, qızartı şikayətlərinə səbəb olaraq “quru göz sindromu”nun yaranması və ya mövcud olduğu halda, güclənməsinə yol açır.

Həkimin fikrincə, xüsusilə kompüter və telefon qarşısında uzun müddət çalışan şəxslərdə bu əlamətlər daha kəskin olur. Energetik içkilərin əsasən axşam saatlarında qəbulu yuxu rejimini pozur. Xroniki yuxusuzluq görmə yorğunluğunu artırır və mövcud göz problemlərini ağırlaşdıra bilir. Bundan əlavə, arterial təzyiqin kəskin dəyişməsinə və damar spazmına, damar keçiriciliyinin pozulmasına səbəb olur. Yəni görmə orqanımızın qanla təchizatına mənfi təsir göstərir və nəticədə görmə itiliyinin zəifləməsinə, itirilməsinə yol aça bilər.

Избранный
72
1
publika.az

2Источники