“Elxan İbrahimov Nəsimi Rayon İcra Hkimiyyətinin başçısı vəzifəsinə noyabr ayında təyin olunub, dekabr ayında vəzifədən çıxarılması bir daha göstərir ki, insanlar bəzən etimadı doğrultmurlar. Ya onun namizədliyini təqdim edən şəxsin səhvi üzündən, yaxud həmin şəxsin özünü riyakarlıqla təqdim etməsi ucbatından vəzifədə özlərini doğrulda bilmirlər. Bu, həqiqətən reallıqdır. Heç kim inanmaz ki, bir ayın içində bu adam hansısa başqa böyük vəzifəyə təyin olunacaq, buna görə də vəzifədən çıxarılıb. Şübhəsiz, ortada gəzən söz-söhbətlər göstərir ki, Elxan İbrahimov özünü doğrultmadığına görə vəzifədən çıxarılıb”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
“İnsanlar var, deyirlər ki, qoy özümə yer edim, gör sənə nə edirəm... Etimadı doğrultmurlar. Hiylə və riyakarlıq donuna girirlər. İnsana bir imkan yarat, xüsusən, vəzifə ver, göstərəcək ki, əsl siması nədir. Hər halda heç də yaxşı hal deyil və həqiqətən, kadr məsələlərində ciddi problemlər olduğunu bir daha sübut edir. Dəfələrlə cənab Prezident İlham Əliyev xəbərdarlıq edib ki, sizi yüksək vəzifəyə təyin edirəm, özünüzü xalqın, dövlətin, sizi vəzifəyə təyin edən dövlət başçısının qarşısında doğruldun. Təəssüf ki, nəticə çıxarmırlar. Əllərinə fürsət düşən kimi elə ancaq fikirləşirlər ki, necə edək, şəxsi firavanlığımızı artıraq... Nəticədə belə hallar baş verir. Nəinki özlərini sıradan çıxarırlar, dövlətə və onun imicinə zərər vururlar”, - o bildirib.