Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi (AXA) işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin bərpası üçün bir sıra mühüm xidmətlər həyata keçirməyə davam edir.
Bunu AXA sədri Sərdar Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, bu xidmətlərə torpaqların təyinatının müəyyənləşdirilməsi, fitosanitar və baytarlıq xidmətlərinin təşkili, zərərverici və xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması, toxumçuluq və bitkiçilik istiqamətində monitorinqlər daxildir:
“Belə ki, 2025-ci ilin toxumluq məhsulu üçün işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 9640 hektar toxumluq əkin sahəsi bəyan edilib, 2466,6 ton buğda toxumu sertifikatlaşdırılıb. Cari dövr ərzində torpaqların aqrokimyəvi analizlərinin aparılması məqsədilə 1248 hektar ərazidən götürülən 225 torpaq nümunəsi laborator analizə cəlb olunub”.
S.Hacıyev qeyd edib ki, aqrar xidmətlərin yerində və operativ təşkili məqsədilə Xankəndi şəhərində torpaq, su, bitki və gübrə analizlərinin aparılması üzrə müasir standartlara cavab verən laboratoriyanın qurulması istiqamətində işlər aparılır.
Onun sözlərinə görə, növbəti illərdə isə Agentlik həmin ərazilərdə aqrar infrastrukturun inkişafını, müasir xidmət modellərinin tətbiqini genişləndirməyi, rəqəmsal nəzarət və monitorinq imkanlarını artırmağı, həmçinin özəl sektorun proseslərə daha aktiv cəlb edilməsini planlaşdırır:
“Məqsəd bölgələrdə dayanıqlı kənd təsərrüfatı istehsalını bərpa etmək və fermerlərin xidmətlərə əlçatanlığını maksimum dərəcədə təmin etməkdir. İşğaldan azad olunmuş ərazilərdə AXA əməkdaşları tərəfindən ümumilikdə 175 ədəd texnikanın istismarına dövlət nəzarəti aparılaraq, nəticədə 131 ədəd texnikaya texniki baxış keçirilib, 28 ədəd texnika üzrə müayinə aktı tərtib olunub”.


