RU

Vergi güzəştləri kapital bazarlarının inkişafına təkan verir

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, maliyyə dayanıqlılığının güclənməsini, müasir sosial-iqtisadi infrastrukturun formalaşmasını, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Bu baxımdan dayanıqlı inkişaf hədəflərinə nail olmaq məqsədilə vergi sistemində ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən investisiya və kapital qoyuluşlarının artırılması məqsədilə vergi təşviqi alətlərindən daha səmərəli istifadə olunması istiqamətində işlər görülür.

Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin şöbə rəisi Gülnar Ağazadə deyib.

O bildirib ki, kapital bazarlarının inkişafının stimullaşdırılması, kapital bazarında dövriyyənin, likvidliyin və iştirakçı sayının artırılması, məlumatlı və aktiv investor bazasının formalaşdırılması, maliyyə savadlılığının və investisiya mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə vergi qanunvericiliyinə bir sıra təşviq alətləri daxil edilib: “Tətbiq olunan təşviq alətləri çərçivəsində dividendlər üzrə bir sıra vergi güzəştləri mövcuddur. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan mikrosahibkarların təsisçiləri (payçıları) və ya səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri vergidən azad edilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad olunub. Ümumilikdə isə dividendlərdən ödəmə mənbəyində tutulan vergi dərəcəsi daimi olaraq 10 faizdən 5 faizə endirilib ki, bu da kapital üzərində vergi yükünün azalmasına xidmət edir. Bununla yanaşı, innovasiya fəaliyyətinin təşviqi, rəqabətqabiliyyətli texnologiya sektorunun formalaşdırılması və yüksək əlavə dəyər yaradan iqtisadiyyatın inkişafı məqsədilə texnologiyalar parkının rezidenti kimi fəaliyyət göstərən, lakin texnoparkdan kənarda sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı ilə məşğul olan şəxslər tərəfindən ödənilən dividendlər 10 il müddətinə gəlir və mənfəət vergilərindən azad edilib”.

DVX rəsmisi vurğulayıb ki, Fond bazarında alətləri daha cəlbedici etmək və investorların fəallığını artırmaq məqsədilə 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətinə, Azərbaycanda və xaricdə rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif olunmuş və tənzimlənən bazarda satılan səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər, diskont (istiqrazların nominal dəyərindən aşağı satılması nəticəsində yaranan fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azad edilib: “Bank sektorunda likvidliyi artırmaq, uzunmüddətli kreditləri dəstəkləmək və əmanətləri təşviq etmək məqsədilə, yerli banklar və xarici bankların Azərbaycandakı filialları fiziki şəxslərin milli valyutada yerləşdirdiyi depozitlər üzrə faiz gəlirlərinin müəyyən hissəsi vergidən azad edilib. Belə ki, 18 ay və daha uzun müddətə yerləşdirilən depozitlərin faizləri 3 il gəlir vergisindən azaddır, həmçinin hər ay hesablanan faiz gəlirlərinin 200 manatadək olan hissəsi də vergidən azad olunur”.

G. Ağazadə, həmçinin qeyd edib ki, müflisləşmə ilə bağlı məhkəmə qərarından sonra kredit təşkilatlarının vergi yükünü yüngülləşdirmək üçün bir sıra tədbirlər görülüb: “Kredit təşkilatı müflis elan olunandan sonra əmlak vergisi, məhkəmə qərarı qüvvəyə mindiyi ildən etibarən isə torpaq vergisi ödəməkdən azad edilir. Bundan əlavə, bank sektorunun risklərini azaltmaq, kredit bazarının dayanıqlılığını qorumaq və problemli kreditlərin idarəsini asanlaşdırmaq üçün kredit müqabilində banklara keçən əmlak və torpaqlar balansa götürüldüyü ildən başlayaraq 2 il müddətinə əmlak və torpaq vergisindən azaddır. Nəticə etibarilə, həyata keçirilən vergi islahatları kapital bazarlarının aktivləşməsinə və maliyyə sektorunun dayanıqlığının möhkəmləndirilməsinə dəstək verməklə yanaşı, investisiya fəallığının və innovasiya yönümlü iqtisadi fəaliyyətin genişlənməsini təşviq edir. Ümumilikdə isə görülmüş tədbirlər sözügedən sektorun inkişafı və dayanıqlılığının təmin edilməsi üçün zəruri hüquqi və institusional bazanın formalaşdırılmasına xidmət edir və ölkədə rəqabətqabiliyyətli, şəffaf və davamlı iqtisadi modelin möhkəmlənməsini şərtləndirir”.

AZƏRTAC

Избранный
12
1
vergiler.az

2Источники