Novqorod vilayətindəki Valday şəhərinin sakinləri 29 dekabr gecəsi Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücuma cəhd etdiyi iddia olunan yüzə yaxın dronun gəlişini və məhvini hiss etməyiblər.
“Cebheinfo.az” xəbər verir ki, "Можем объяснить" (MO) nəşrinə müsahibə verən 14 nəfərin sözlərinə görə, onlardan heç biri dron təhlükəsi ilə bağlı heç bir SMS almayıb, halbuki bu mesajlar adətən hava hücumu zamanı göndərilir.
"Həmin gecə partlayışlar bir yana, heç bir gurultu səsi yox idi. Əgər belə bir şey baş versəydi, bütün şəhər bu barədə danışardı", - deyə onlardan biri bildirib.
Prezidentin iqamətgahı Valdayın şimal-şərqində, şəhərdən Valday gölü ilə ayrılmış yerdə yerləşir. Şəhərin əhalisi təxminən 14.000 nəfərdir.
Dronlardan fərlqi olaraq, Valday sakinləri helikopterlərin səs-küyü sayəsində Putinin iqamətgahına nə vaxt gəldiyini yaxşı bilirlər.
Xatırladaq ki, Bir gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin Novqorod vilayətindəki Putinin iqamətgahına dronlardan istifadə edərək kütləvi hücum etməyə cəhd etdiyini bildirmişdi.
O, hücumda 91 drondan istifadə edildiyini, lakin hamısının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini iddia etdi. Lakin Lavrovun açıqlaması Müdafiə Nazirliyinin rəsmi məlumatları ilə ziddiyyət təşkil edirdi. Məlumata görə, 29 dekabr gecəsi Novqorod vilayəti üzərində yalnız 18 dron vurulub.
Lavrov, həmçinin bildirib ki, iqamətgaha hücumdan sonra Rusiyanın Ukrayna ilə bağlı danışıqlar mövqeyinə yenidən baxılacaq, lakin Moskva ABŞ-la danışıqlardan çıxmağı planlaşdırmır. Nazir, həmçinin Kiyevi bu cür hərəkətlərin cavabsız qalmayacağı və Rusiya ordusunun artıq cavab zərbələri üçün hədəflər seçib və onların həyata keçirilmə vaxtını müəyyən etdiyi ilə hədələyib.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Putinin iqamətgahına hücum etməyə cəhd etməsi ilə bağlı məlumatları saxta xəbər adlandırıb. Onun sözlərinə görə, Rusiya bununla Kiyevdəki hökumət binalarına hücumlar üçün zəmin hazırlayır və müharibəyə son qoymaqdan imtina etməsini əsaslandıraraq Ukrayna ilə ABŞ arasında sülh danışıqlarındakı irəliləyişi pozmaq istəyir.