Bakı, 30 dekabr, Səbinə Əlizadə, AZƏRTAC
Ermənistanın və ermənipərəst dairələrin Azərbaycana qarşı formalaşdırdığı mənfi informasiya beynəlxalq ictimaiyyət tərəfindən çox zaman obyektiv qiymətləndirilmir. Bu baxımdan Qərb mediasının Azərbaycan-Ermənistan münaqişəsinə yanaşma tərzi, xüsusilə də selektiv və çərçivələnmiş təqdimat modeli ciddi suallar doğurur.
Bunu AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Nəzrin Əlizadə bildirib.
Onun sözlərinə görə, həm müharibədən əvvəlki, həm də müharibədən sonrakı dövrlərə nəzər saldıqda, Qərb mediasında hadisələrin əsasən kontekstdən kənar, seçici və emosional çərçivədə təqdim edildiyi müşahidə olunur. Xüsusilə işğal dövründə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı və uzunmüddətli işğal faktları ya arxa plana keçirilib, ya da “tərəflərin iddiaları” kontekstində təqdim olunub.
Nəzrin Əlizadə qeyd edib ki, Ermənistan tərəfinin narrativləri isə daha çox empatiya yaradan və emosional çərçivədə beynəlxalq auditoriyaya çatdırılıb. Bu yanaşma “neytrallıq” görüntüsü yaratsa da, əslində obyektivliyin pozulmasına və Azərbaycanın mövqeyinin ört-basdır edilməsinə səbəb olub: “44 günlük Vətən müharibəsindən sonra da bu tendensiya dəyişməyib. Müharibədən sonrakı dövrdə Ermənistan və ona yaxın dairələr hərbi məğlubiyyəti hüquqi və tarixi reallıqlardan ayıraraq “humanitar böhran”, “etnik təmizləmə” kimi anlayışlar üzərindən yeni diskurs formalaşdırmağa çalışıblar. Bu yanaşma Qərb mediasında və bəzi siyasi dairələrdə müəyyən rezonans doğurub. Burada əsas problem beynəlxalq ictimaiyyətin məlumatsızlığı deyil, informasiyanın hansı ideoloji və emosional filtrlərdən keçərək təqdim olunmasıdır. Müharibə cinayətləri ilə əlaqəli şəxslərin “əsir”, könüllü köçün isə “məcburi köç” kimi təqdim edilməsi faktların deyil, narrativ məqsədlərin məhsuludur”, - deyə Nəzrin Əlizadə vurğulayıb.
Onun fikrincə, bu şəraitdə Azərbaycanın qarşısında duran əsas vəzifə reaktiv deyil, strateji və çoxsəviyyəli yanaşma formalaşdırmaqdır. Bu çərçivədə, ilk növbədə, beynəlxalq hüquqi mexanizmlərin daha aktiv şəkildə işə salınması vacibdir. Müharibə cinayətləri və insanlığa qarşı əməllərlə bağlı sənədləşdirilmiş faktların BMT və digər beynəlxalq məhkəmə mexanizmləri vasitəsilə sistemli şəkildə gündəmə gətirilməsi zəruridir.
Ekspert əlavə edir ki, ikinci mühüm istiqamət elmi və akademik sahədə mövcud boşluqların aradan qaldırılmasıdır. Xocalı soyqırımı və işğal dövrü cinayətləri ilə bağlı çoxdilli, metodoloji baxımdan güclü, beynəlxalq indeksli elmi tədqiqatların hazırlanması mühüm əhəmiyyət daşıyır. Bu prosesin yalnız Azərbaycan daxilində deyil, Türk dünyası ölkələri ilə birgə həyata keçirilməsi informasiya təsirini daha da gücləndirə bilər.
Nəzrin Əlizadənin sözlərinə görə, üçüncü mühüm istiqamət strateji kommunikasiya və media diplomatiyasının gücləndirilməsidir. “Məsələ təkcə dezinformasiyaya cavab vermək deyil, postmünaqişə dövründə sülh quruculuğu, reinteqrasiya və hüquqi məsuliyyət kimi anlayışları beynəlxalq gündəmin mərkəzinə çıxarmaqdır”, – deyə o bildirib.
Ekspert vurğulayıb ki, bütün bu proseslər fonunda Azərbaycan postmüharibə mərhələsində Cənubi Qafqazda yeni regional nizamın formalaşmasında əsas aktorlardan biri kimi çıxış edir. Sərhədlərin tanınması, regional kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və qarşılıqlı etimadın formalaşdırılması Bakının irəli sürdüyü sülh gündəliyinin əsas sütunlarını təşkil edir.
“Azərbaycanın ortaya qoyduğu bu model yalnız regional deyil, həm də qlobal miqyasda postmünaqişə mühitləri üçün nümunə ola bilər. Bu yanaşma sübut edir ki, uzunmüddətli sülh yalnız hərbi qələbə ilə deyil, hüquqa əsaslanan, inklüziv və davamlı siyasi strategiya ilə mümkündür”, – deyə Nəzrin Əlizadə qeyd edib.