Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında son iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlər ətrafında müzakirələr aparılıb.
Sonra parlamentin sədri iclasın gündəliyinə 15 məsələnin daxil edildiyini söyləyib. O, ilk 2 məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələri olduğunu deyib.
Parlamentin sədri bu sənədlərin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda baxılıb, qəbul ediləcəyini bildirib.
İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
O bildirib ki, Saziş 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanıb. Sazişin əsas məqsədi iki dövlət arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi və rəsmi səfərlərin sadələşdirilməsidir.
Məsələ ilə bağlı müzakirələrdə çıxış edən deputatlar öz qeyd və fikirlərini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
S.Qafarova növbəti məsələnin “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu, dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və sənədin bir oxunuşda qəbul ediləcəyini bildirib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırıb ki, layihədə Azərbaycanda minatəmizləmə fəaliyyətinin istiqamətləri, hüquqi və təşkilati əsasları, minatəmizləmə işlərini həyata keçirən şəxslərin hüquqi və sosial müdafiəsi, minalardan zərərçəkmiş şəxslərə yardımın göstərilməsi üzrə münasibətləri tənzimləmək üçün bəzi qanunlarda uyğunlaşdırma məqsədilə bir sıra dəyişikliklərin edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sahibə Qafarova gündəliyin növbəti 11 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu qeyd edib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Komitəsinin sədri Azər Əmiraslanov “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.
O bildirib ki, layihə daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı dövlət rüsumundan azad edilməni nəzərdə tutur.
Sonra Azər Əmiraslanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb. O bildirib ki, layihədə təklif edilən dəyişikliklər dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutur.
Gündəliyin səkkizinci məsələsi olan Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Komitə sədri bildirib ki, layihə əmək münasibətlərinin beynəlxalq əmək normaları nəzərə alınmaqla təkmilləşdirilməsi, elektron sistemlərin əmək münasibətlərində tətbiqi ilə əlaqədar yeni qaydaların təsbiti, eləcə də ötən dövr ərzində əmək qanunvericiliyində aşkar edilmiş boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.
Gündəliyin doqquzuncu məsələsi olan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. O, layihənin əvvəlki oxunuşlarda geniş müzakirəsindən danışıb, dəyişikliklərin əhəmiyyətini vurğulayıb.
Növbəti məsələ olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
On üçüncü məsələ ilə bağlı komitə sədri Azər Əmiraslanov bildirib ki, “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin əvvəlki oxunuşlarında dəyişikliklər barədə ətraflı məlumat verilib, sənədin mətnində heç bir dəyişiklik aparılmayıb.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qanun layihəsi elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.
Qanun layihələri səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciətinin təsdiq edilməsi haqqındadır. Deputat Zaur Şükürov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciətini oxuyub.
Müraciət səsə qoyularaq qəbul edilib.
Daha sonra Sahibə Qafarova parlamentin 2025-ci ildə fəaliyyətinə dair məlumatı slaydlar vasitəsilə təqdim edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, yola saldığımız il ölkəmizin həyatı üçün xüsusi əhəmiyyət daşıyan bir dövrə təsadüf etdi. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etmək barədə qərarı dövlət hakimiyyəti sisteminin, o cümlədən qanunvericilik orqanının işinə əlavə məna və dəyər ölçüsü gətirdi.
O qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə 18 tədbir keçirilib.
Milli Məclisin sədri qeyd edib ki, payız sessiyasında parlamentin 16 iclası olub, 86 qanun və qərar layihəsinə baxılıb. Ümumiyyətlə, 2025-ci ildə Milli Məclisin 38 plenar iclası keçirilib, 181 qanun və 33 qərar qəbul edilib.
S.Qafarova bildirilib ki, qanunvericilik fəaliyyətinin səmərəsini artırmaq, ictimai fikir üçün aktual olan məsələləri müzakirə etmək məqsədilə lazım gəldikdə dinləmələr və ictimai müzakirələr keçirilməsi praktikası davam etdirilib. İl ərzində Milli Məclisdə 8 dinləmə, 3 ictimai müzakirə, 1 genişləndirilmiş iclas və 5 konfrans keçirilib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində də lazımi tədbirlər həyata keçirilib. O qeyd edib ki, il ərzində Milli Məclisin rəhbərliyi, komitə sədrləri, Aparatın rəhbəri və şöbə müdirləri, İşlər müdiri tərəfindən 3 minə qədər vətəndaş qəbul edilib, parlamentdə 22 mindən çox vətəndaş müraciətinə baxılıb.
Parlamentin sədri Sahibə Qafarova Milli Məclisin 2025-ci il payız sessiyasını bağlı elan edib və Dövlət Himni səsləndirilib.