RU

“Bu bankdır, yoxsa BOKT?”- Vətəndaş XalqBankdan şikayətçidir

Bank kartından istifadə zamanı yaşanan problemlər vətəndaşların səbr kasasını daşırıb.

AzPost xəbər verir ki, XalqBankın XalqKart məhsulundan istifadə edən vətəndaş sosial şəbəkələrdə və bankın ünvanına ciddi narazılıq ifadə edib.

Şikayətçi bildirir ki, XalqKartı aldığı ilk gündən etibarən kartla bağlı davamlı texniki problemlərlə üzləşir. Onun sözlərinə görə, kart mağazalarda dəfələrlə ödəniş qəbul etmir və bu vəziyyət ciddi narahatlıq yaradır. Son hadisə isə daha ciddi problemə çevrilib.

Belə ki, vətəndaş karta 100 manat məbləğində vəsait yükləsə də, pul uzun müddət kart balansında əks olunmayıb.
Müştəri problemin həlli üçün XalqBankın qaynar xəttinə müraciət etdiyini, lakin adekvat cavab ala bilmədiyini deyir. Şikayətə əsasən, Lalə adlı operator çoxsaylı suallar versə də, real nəticə əldə olunmayıb və müştəri Votsap nömrəsinə qəbz göndərməyə yönləndirilib. Qəbz göndərildikdən sonra isə ona yenidən qaynar xəttə zəng etməsi tövsiyə olunub.

Növbəti zəng zamanı Könül adlı operator problemin bəlkə də gün ərzində həll olunacağını, əks halda isə məsələnin sonraya qalacağını bildirib. Müştəri əlavə olaraq qeyd edir ki, bankın mobil tətbiqinə daxil olduqda kart ümumiyyətlə görünmür və balans artırımı etmək mümkün olmur.

Şikayətçi XalqBankın xidmət keyfiyyətini “0 səviyyəsində” adlandıraraq, əməkdaşların bir-birindən xəbərsiz çalışdığını və bank daxilində kommunikasiya probleminin açıq şəkildə hiss olunduğunu vurğulayıb. Onun fikrincə, bu cür yanaşma bank adına ciddi zərbədir.

Vətəndaş sonda XalqBank rəhbərliyinə müraciət edərək, yaşanan problemlə bağlı rəsmi açıqlama və operativ həll gözlədiyini bildirib.

AzPost olaraq mövzu ilə bağlı XalqBankın mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Избранный
13
1
azpost.info

2Источники