Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naxçıvan şəhərinin mərkəzi meydanında, Heydər Əliyev prospektində Yeni il şənliyi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, muxtar respublikanın hökumət nümayəndələri, minlərlə sakin və qədim diyarın qonaqları bayram tədbirini izləyiblər.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov bir-birindən maraqlı ifalar səsləndirib, Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivlərinin çıxışları olub, ölkəmizin 2025-ci ildə qazandığı uğurlardan bəhs edən videoçarxlar nümayiş etdirilib.
Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb.
Yeni ilin gəlişi münasibətilə Naxçıvan şəhərində möhtəşəm atəşfəşanlıq olub. Muxtar respublika sakinləri 2026-cı ili həmrəy şəkildə, xoş ovqatla qarşılayıblar.