Azərbaycanın bank sektorunda problemli istehlak kreditlərinin həcmi 2025-ci il dekabrın 1-nə 339 milyon manat təşkil edib.
Bu seqmentdə artım bütün dövrlər üzrə davam edir.Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71,9 milyon manat və ya 26,9 % artım deməkdir. Belə ki, 2024-cü ilin dekabrın 1-nə vaxtı keçmiş istehlak kreditlərinin həcmi 267,1 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. 2024-cü ilin sonuna (246,3 mln. manat) nəzərən problemli kreditlər 92,7 milyon manat (37,6%) artıb. Son bir ayda isə (noyabra nəzərən) portfeldə 13,2 milyon manat (4,1%) artım qeydə alınıb. Xatırladaq ki, problemli istehlak kreditləri portfeli noyabrın 1-nə 325,8 milyon manat, 2024-cü ilin sonunda 246,3 milyon manat idi.
Problemli istehlak kreditlərinin 26 faiz artması əhalinin banklara ehtiyacının artmasındanmı irəli gəlir, yoxsa faizlərmi artıb? Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Cebheinfo.az"-a bildirib ki, bu əhalinin xərclərinin çoxalmasından və gəlirlərinin xərclərə nisbətən artmadığından xəbər verir:

"Yəni nominal olaraq gəlirlər artıb, ancaq qiymətlər və xərclər o qədər artıb ki, insanların artıq vəsaiti qalmır və kreditləri qaytarmaq problemə çevrilir. Problemli kreditlərin artma səbəbləri bundan ibarətdir".