Azərbaycanın ən gənc qadın dağcısı Fəridə Babayeva Kapital Bank kartı ilə bağlı yaşadığı problemlə diqqət çəkib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, kartı evdə olduğu halda, özü işdə olarkən Bakı Metropolitenində kartından ödəniş tutulub.
Fəridə Babayeva bildirir ki, məsələ ilə bağlı Kapital Bankın 196 Çağrı Mərkəzinə müraciət edib. Bank əməkdaşı isə baş verənlərin “ümumi texniki problem” olduğunu və əvvəl uğursuz olmuş ödənişlərin sonradan kartdan çıxıla biləcəyini deyib.
Dağcının sözlərinə görə, həmin gün metro turniketində NFC ilə ödəniş etməyə cəhd göstərsə də, aparat ödənişi qəbul etməyib və keçidə icazə verilməyib. Nəticədə o, turniketdən keçid üçün QR-kod və ya BakıKart vasitəsilə istifadə edib. Buna baxmayaraq, faktiki olaraq baş tutmayan və istifadə edilməyən gedişin ödənişi sonradan bank kartından tutulub.
“Əgər ödəniş uğurlu olsaydı, turniket keçidə icazə verərdi. Keçidə icazə verilməyibsə və mən alternativ üsulla keçmişəmsə, istifadə etmədiyim gedişin pulu niyə tutulmalıdır?” – deyə Fəridə Babayeva sual edir.
O, həmçinin çağrı mərkəzində “daxili xəttə” yönləndirildiyini, lakin 7 dəqiqə gözlədikdən sonra telefon balansı bitdiyi üçün danışığın yarımçıq qaldığını da vurğulayıb.
Fəridə Babayeva qeyd edib ki, maaş kartı bu bankda olduğu üçün məcburən Kapital Bankın xidmətlərindən istifadə edir. Onun sözlərinə görə, əgər belə bir asılılıq olmasaydı, bu cür yanaşmadan sonra bankla əməkdaşlıq etməzdi.

