BAKI, 2 yanvar. TELEQRAF
İsveçrənin "Blick" qəzeti foto və video materiallara əsaslanaraq Kran-Montana dağ-xizək kurortunda yerləşən Le Constellation barında baş verən yanğının ehtimal olunan səbəbini açıqlayıb.
Teleqraf xəbər verir ki, görüntülərdə bir qrup insanın barda bayram etdiyi, bir neçə şəxsin isə əllərində bengal şamları tutduğu görünür.
Bir müddət sonra bengal şamlarından çıxan qığılcımlar tavana çatıb və bundan sonra yanğın başlayıb.
Bildirilir ki, qığılcımlar tavanın səsuducu akustik panellərinə dəyib və onların alışmasına səbəb olub. "Blick" vurğulayır ki, bu cür panellər çox vaxt tezalışan plastik materiallardan hazırlanır və qığılcım və ya isti hissəciklərdən sürətlə yanır.
Məqalədə ehtimal olunur ki, sözügedən panellərin hazırlanmasında ucuz materialdan istifadə olunub, çünki keyfiyyətli akustik köpük demək olar ki, yanmır.
Xatırladaq ki, Kran-Montanada baş verən yanğın nəticəsində təxminən 40 nəfər ölüb, 115-dən çox insan yaralanıb.