İranın Həmədan şəhərində bir qrup etirazçı digər dini kitablarla birlikdə Quranı yandırıb, digər bir qrup iğtişaşçı isə məscidə hücum edib.Bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, cümə axşamı, 1 yanvar tarixində etirazçılar Həmədanın Sədəf bölgəsində Quran da daxil olmaqla bir neçə dini kitabı yandırıblar.
Təxminən 20 etirazçıdan ibarət başqa bir qrup şəhərdəki məscidə hücum etməyə cəhd edib.
29 dekabrda İran tüməninin kəskin şəkildə ucuzlaşması səbəbilə tacirlər Tehranın mərkəzində etiraz aksiyalarına başlayıblar.
Çərşənbə axşamı isə Tehran universitetlərinin tələbələri iğtişaşlara qoşulublar. Çərşənbə günü bir qrup naməlum şəxs İranın cənubundakı Fars əyalətindəki Fez şəhər administrasiyasının binasına hücum edib.
İran prezidenti Məsud Pezeşkian öz növbəsində Daxili İşlər naziri İsgəndər Momeniyə etirazçılarla dialoq qurmağı tapşıraraq ölkənin bank və maliyyə sistemlərində islahatlar aparılacağına söz verib.