RU

2,5 milyonluq sual: Bu klub kimə lazımdır?

AFFA-nın Premyer Liqada komanda sayını artırmasının ardından elitaya yüksələn yeni klublara verilən bir illik güzəşt müddətinin yarısı bitib. Federasiya rəhbərliyinin bölgə klublarını böyük futbola qaytarmasının başlıca səbəbi regionlarda bu sahənin inkişafı və infrastrukturun yavaş-yavaş bərpa olmasıdır.

Premyer Liqaya yeni gələn klublardan “Karvan-Yevlax”ın bu tələblərə qismən də olsa, riayət etdiyini/cəhdini görürük. Bölgə klubunda nəticələr ürəkaçan olmasa da, təmsil etdiyi regionda komandanı saxlaya biləcək yeni baza və Premyer Liqa səviyyəsinə gətirilən bir stadionu var.
Bu baxımından “Karvan-Yevlax” rəhbərliyinin Azərbaycan futboluna, bölgəsinə olan yanaşması təqdirəlayiqdir.

Ancaq elitaya yüksələn digər klub “İmişli”də isə vəziyyət tamamən qarışıqdır. Əyalət klubu AFFA-nın tələbinə məhəl qoymadan, Premyer Liqa səviyyəsinə yaraşmayan idarəedicilik ortaya qoyur. Mövsümə Şamaxıda başlayan klub hazırda ev oyunlarını Qubada keçirir. Təmsil etdiyi İmişliyə isə qayıtmaq klub rəhbərliyinin gündəmində belə yoxdur. Çünki bununla hər hansı bir cəhd görünmür.

Kamran Eyyubovun rəhbərlik etdiyi klub ictimaiyyəti, azarkeşləri aldatmaqla məşğuldur. Hələ I Liqadan Premyer Liqa hədəfi qoyaraq, böyük futbolu İmişliyə qaytarmaq iddiasında olan rəhbərliyin planın nə olduğu qeyri-müyyəndir.

İmişlidəki stadionla bağlı min bir problem sadalayan Kamran Eyyubov bunların öhdəsindən gəlməkdənsə, davamlı bəhanələrə sığınır. Hazır ərazi, maddi dəstək axtarır. Guya onun sənəd-sünəd məsələlərini biz həll etməliyik.

Bəli, İmişlidəki Heyder Əliyev adına stadionda müəyyən sənəd problemləri ola bilər. Ancaq bu problemin həlli davamlı deyinməkdən deyil, çarə tapmaqdan keçir. Komanda I Liqada oynayanda da eyni problem vardı. O zaman klub rəhbərliyi nəyə əsasən elitaya yüksələndə “İmişli”nin doğma bölgədə oynayacağının vədini verirdi?

Əgər problem Kamran Eyyubovu aşırsa, o zaman onun komandasının APL-də çıxış etməsi kimə lazımdı?

“İmişli” K.Eyyubovun klubu ola bilər. Ancaq bu komanda onun vəsaitilə ayaqda qalmır, dövlətin maddi dəstəyi ilə mübarizə aparır. Ayrılan dotasiyanın belə vecsiz, qeyri-peşəkar insanların əlində olması kifayət qədər ciddi problemdir.

Mövsümün ilk yarısı geridə qalıb. Ancaq “İmişli” rəhbərliyinin təmsil etdiyi bölgəyə qayıtmaq üçün bir dənə ciddi cəhdi yoxdur. Sanki belə də olmalıdır. Bu, Premyer Liqanı, Azərbaycan futbolunu ələ salmaqdır. Azarkeşə ona min cür problem sadalayan, bəhanələr gətirən rəhbərlik yox, bunları həll edən şəxslər lazımdır.

Bazası, stadionu olmayan “İmişli”dən Azərbaycan futboluna nə xeyir gələcək? Ölkə futboluna fayda verməyən kluba 2,5 milyon manat niyə ayrılmalıdır? Dövlətin sahənin inkişafna ayırdığı maliyyəni kimə gəldi etibar etmək olmaz. Ətrafına 20-25 nəfər futbolçu toplayan və klub olmaq üçün heç bir iş görməyən bu cür komandalar elitaya buraxılmamalıdır. Çünki infrastrukur elə idman nəticələri qədər mühüm məsələdir.

Ümid edirik ki, bu problem AFFA rəhbərliyinin diqqətindədir. Kamran Eyyubovu narahat etməyən problem, Azərbaycan futbolu üçün ciddi durumdur. Aşkar görünür ki, klub rəhbərliyi Premyer Liqada yerini qoruyub, illəri Qubada yola verməklə hər mövsüm milyonları almaq niyyətinə düşüb.

İdmanxeber.az 

Избранный
44
idmanxeber.az

1Источники