RU

PSJ ilə Mbappe arasındakı pul davası bitdi - paytaxt klubu niyə 61 milyon avro ödəməlidi?

Paris Məhkəməsi bugünlərdə belə bir qərar verib: PSJ Kilian Mbappeyə 60 milyon avro borcunu ödəməlidi.

"Football-plus.az" xəbər verir ki, bu, futbolçunun müqavilə ilə son yarım ildə paytaxt klubundan almalı olduğu puldu.

Problemin mahiyyəti nədən ibarətdi və iş niyə məhkəməyə qədər uzandı? PSJ-nin bütün cəbhələrdə məğlubiyyətinin səbəblərini araşdırmağa çalışacağıq.

2022-ci ildə qaçış cəhdi
Çoxları Mbappenin “Real”a keçidi ilə bağlı qalmaqallı tarixçənin əsasının 2024-də yox, xeyli əvvəl qoyulduğunu xatırlayır. Hələ 2022-ci ildə fransalı ulduzu fəal şəkildə Madridə “göndərirdilər” – insayderlər hətta forvardın “Real”la uğurlu danışıq apardığını, keçidə şifahi razılıq verdiyini bildirirdi.
Amma sonda Mbappe PSJ ilə sonradan daha bir il uzatmağın mümkünlüyü şərti ilə ikiillik müqavilə bağladı. Kilianın anası Fayza Lamari həmin vaxt tərəflər arasında gedən danışıqların təfərrüatını bu ilin sentyabrında açıqladı və dedi ki, oğlunu Parisdə qalmaq üçün dilə tutub:
“Kilian müqavilə müddətini uzatmağa qərar verəndə biz qalmağı xahiş etmişdik. Transfer məsələlərinə qarışdığımız yeganə hal idi. PSJ Kiliana və ətrafına təsir göstərir, yeni müqaviləni imzalamağa məcbur edirdi. Ciddi təzyiq var idi. Klubdan deyirdilər ki, Kilian getsə, əməkdaşları qovmağa məcbur olacaqlar, teleyayın hüququnun satışı ilə bağlı problem yaranacaq, Kilian Parisə yaşayır, yeni məşq mərkəzi tikilib, Kilian komandaya dünya çempionatında kömək etməlidi...”
Sonradan transfer dastanına inzibati resurslar da qarışdı. Məsələ ən yüksək səviyyədə həll olundu: Fransa prezidenti Emmanuel Makron özü futbolçu ilə danışdı. Kilianın bununla bağlı söylədikləri:
“Heç vaxt düşünməzdim ki, gələcəyim, karyeram ilə bağlı prezidentlə danışacam. İnanılmaz idi. Prezident mənə dedi ki, “sənin qalmağını istəyirəm. İndi getmə. Sən ölkə üçün çox vacibsən”. Əlbəttə, bu sözləri sənə prezident deyirsə, istər-istəməz nəzərə almalısan”.
Düzdü, onda Mbappe belə qərar verməyə məcbur olduğunu demirdi:
“Çox şadam. Əminəm ki, burda daha da “artıra” bilərəm. Həmçinin Fransada – doğulduğum və böyüdüyüm ölkədə qaldığıma görə çox sevinirəm”.

“Real”a keçid
Mbappenin gedəcəyi ilə bağlı şayiələrin yeni dalğası 2023-cü ildə baş qaldırdı. Heç kimə sirr deyildi ki, onu hələ də Madriddə gözləyirlər, elə özü də keçidin qatı əleyhdarı deyil. Mbappe çempionat oyunlarını buraxmağa başlayanda və baş məşqçi PSJ-nin əsas ulduzunun yoxluğunda da yaxşı oynamağı öyrənməli olduğunu deyəndə hər şey bəll oldu.

Yayın əsas transfer anlaşması gerçəkləşən kimi internetdə arzuolunmaz faktların bütöv bir yığını yer almağa başladı. Mbeppe AÇ-2024 ərəfəsində sabiq klubunu tənqid etdi - komandanı tərk etmək niyyətini rəhbərliyə anladandan sonra nələrin baş verdiyini açıqladı:
“Onlar mənə işarə vurdular ki, bir daha PSJ-də oynamayacaqsan. Mənlə çox sərt danışdılar. Luis Enrike ilə Luiş Kampuş olmasaydı, bir dəqiqə də meydanda olmazdım. Onlar məni xilas etdi – bu gerçəkdi”.

Məhkəmə söhbətləri
Mbappe “Real”a keçəndən dərhal sonra sabiq klubuna qarşı məhkəmə iddiası qaldırdı. Belə məlum oldu ki, parislilər Kiliana üç ayın maaşını ödəməyib, eləcə də mükafat və bonusları verməkdən boyun qaçırıb. Fransalı ulduz əvvəlcə 55 milyon avro tələb etdi, düzdü, sonradan onun iştahı 263 milyona qədər artdı. Ancaq məhkəmə belə iddianı əsassız saydı.

Fransa Futbol Federasiyası elə bu il, bir müddət əvvəl Mbappenin xeyrinə qərar vermişdi – PSJ sabiq oyunçusuna 60 milyon avrodan bir qədər artıq pul ödəməliydi. Klub bu qərardan şikayət versə də, qüvvədə saxlanıldı. Ancaq PSJ bu tələbi yerinə yetirmək istəmədi. Paytaxt klubu Mbappe ilə arada şifahi centlmen anlaşmasının olduğunu bildirirdi: Kiliana klubu azad agent kimi tərk etməyə icazə verilir, o da öz növbəsində maaşın bir hissəsindən imtina edir. Məhz buna görə parislilər futbolçuya belə böyük məbləği ödəməmişdi – guya fransalı ulduz 2023-cü ilin əvvəlində özü həmin puldan imtina edib.

Ancaq bu da son deyil: klub astronomik sayılan 440 milyon avro tələbi ilə qarşılıqlı iddia qaldırdı, belə demək mümkünsə, əks-hücuma keçdi. PSJ belə hesab edirdi ki, Mbappe aradakı şifahi anlaşmanı pozub, kluba ciddi maliyyə zərbəsi vurub.
Ancaq məhkəmədə klubun bu iddiası rədd olundu, hansısa “şifahi anlaşma”nın futbolçunun əməkhaqqının saxlanılması üçün əsas ola bilməyəcəyi deyildi.

İndi isə PSJ Mbappeyə həmin 60 milyon avronu ödəməyə məcburdu: bu pul 2024-cü ilin aprel, may və iyun ayları üçün maaşdı, həmçinin Kilianın 2022-ci ildə klubla müqavilə müddətini uzatmağa qərar verərkən razılaşdırdığı imzapulu və bonuslardı. Mbappenin vəkili məhkəmə bitəndən sonra belə deyib:
“Çox sevinirik, bu qələbəni lap çoxdan gözləyirdik. Bu qərar artıq üçüncü dəfə verilir. Mbappenin ötən 18 ay ərzində yalnız bir tələbi vardı: gördüyü işə görə əməkhaqqı və bonuslar ödənilsin. Enində-sonunda bu şəxsi haqq-hesab deyil. Bu, baza prinsipidi: bir işi görmüsənsə, buna görə sənə pul ödəməlidilər”.
Özü də məhkəmə PSJ-nin üzərinə bu öhdəliyi də qoydu: klub pulu dərhal ödəməli, kompensasiya ödənişini bir neçə ay və ya il ləngitməməlidi.
Избранный
56
1
football-plus.az

2Источники