Kiyev, 2 yanvar, AZƏRTAC
Mən Kirill Budanovla görüşdüm və ona Ukrayna Prezidentinin Ofis Aparatına rəhbərlik etməyi təklif etdim. Ukrayna hazırda təhlükəsizlik məsələlərinə, müdafiə və təhlükəsizlik qüvvələrinin inkişafına, danışıqlarda diplomatik yola daha çox diqqət yetirməlidir və Prezident Ofisi Aparatı, ilk növbədə, bu milli məqsədlərə xidmət edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” səhifəsində məlumat verib.
Zelenski bildirib ki, Budanov bu sahələrdə xüsusi təcrübəyə və nəticə əldə etmək üçün lazımi gücə malikdir.
“Mən, həmçinin Prezident Ofisi Aparatının yeni rəhbərinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və digər aidiyyəti rəhbər və qurumlarla birlikdə dövlətimizin müdafiəsi və inkişafı üzrə strateji bazanı və onun növbəti addımlarını yeniləyib təsdiqə təqdim etməyi tapşırdım”, - deyə Zelenski əlavə edib.
Qeyd edək ki, hazırda Kirill Budanov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsində çalışır.