Yaxud dövlət institutlarına qarşı inamsızlıq yaratmaq nəyə xidmət edir?
Zaman dəyişdikcə, müxtəlif istiqamətlərdə tətbiq edilən texnologiyalar yeniləndikcə bu və ya digər sahədə əhaliyə göstərilən xidmətlərin keyfiyyəti də artır. Əksəriyyət xidmət keyfiyyətinin artmasından razılığını ifadə etdiyi halda, cəmiyyətdə olan müəyyən qrup, zümrə daim narazı görünür. Sanki iynənin ucu qədər fürsət axtarır içindəki qəzəbi tökməyə, püskürməyə. Haqlı və ya haqsız mövqe ortaya qoymasından asılı olmayaraq dövlətin bu və ya digər qurumunu qurşaqdan aşağı döşəməyə başlayır.
Son günlər “Azəriqaz” İstehsalat Birliyinə olan hücumlar, qurumun fəaliyyətinə yönəlik tənqidlər fonunda bunu aydın görmək mümkündür. Əslində sözügedən quruma qarşı ittihamlar, ona qarşı müxtəlif media subyektləri, yaxud sosial şəbəkələr üzərindən olan hücumlar yeni deyil. Son illərə nəzər yetirsək aydın şəkildə görərik ki, informasiya məkanında “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı müxtəlif iddialar irəli sürülür, bəzən heç bir əsası olmayan fikirlər dövriyyəyə buraxılır, yaxud bu qurumun fəaliyyətini gözdən salmağa yönəlik sifarişli materiallar dərc edilir. Müşahidələr onu deməyə əsas verir ki, “Azəriqaz” İB-yə qarşı irəli sürülən iddiaların böyük bir qismi nə real faktlara, nə rəsmi məlumatlara, nə də peşəkar texniki təhlilə əsaslanır. Yuxarıda da qeyd etdiyimiz kimi tənqid adı altında təqdim olunan bu yanaşmalar əslində ictimai rəyi çaşdırmağa və strateji əhəmiyyət daşıyan bir qurumun nüfuzuna xələl gətirməyə xidmət edir.
Əvvəla qeyd etmək lazımdır ki, “Azəriqaz” ölkə üzrə qazpaylayıcı sistemin istismarı, təhlükəsizliyi və fasiləsizliyinə cavabdeh olan dövlət əhəmiyyətli qurumdur. Bu struktur milyonlarla abonenti, minlərlə kilometr uzunluğunda qaz xətlərini, mürəkkəb texniki avadanlıqları və yüksək riskli infrastrukturu əhatə edir. Belə bir sahədə hansısa ötəri problemin, nöqsanın olması da təbiidir və baş vermiş bu və ya digər dərəcədə xırda problemi böyük fəlakət kimi xarakterizə etmək, bu istiqamətdə cəmiyyətdə çaşqınlıq, ajiotaj yaratmaq insanları düşünmək, onların dərdinə dəva olmaq deyil, yalnız və yalnız gərginlik yaratmaq, ictimai fikri tənqid elementləri üzərində kökləməyə xidmət edir. Bundan başqa bəzən lokal nasazlıqlar, hava şəraiti ilə bağlı yaranan texniki çətinliklər və ya abonent səviyyəsində olan problemlər ümumiləşdirilərək sistemli çatışmazlıq kimi təqdim olunur. Bu isə açıq-aşkar yanlış yanaşmadır. Birmənalı demək olar ki, heç bir iri infrastruktur qurumunda texniki risklərin tamamilə sıfırlanması mümkün deyil. Əsas məsələ həmin risklərin vaxtında aşkarlanması, operativ müdaxilə və təhlükəsizliyin təmin olunmasıdır ki, “Azəriqaz” bu istiqamətdə normativlərə uyğun fəaliyyət göstərir. İlin son günlərində qaz sayğacları sistemində qeydə alınan xırda nöqsanlar fonunda yenidən “Azəriqaz” İB haqsız tənqidlərin ünvanına çevrildi. Məlumat üçün öncəliklə onu qeyd etmək yerinə düşər ki, son dövrlərdə “Azəriqaz” İstehsalat Birliyinin tətbiq etdiyi smart kart sistemi ilə bağlı ən çox səsləndirilən iddialardan biri guya qaz yüklənməsi zamanı yaranan problemlərlə əlaqədardır. Lakin məsələ dərindən təhlil edildikdə aydın olur ki, bu iddiaların əhəmiyyətli hissəsi ya texniki savadsızlıqdan, ya da qəsdən təhrif olunmuş yanaşmadan qaynaqlanır.
Əvvəla qeyd edilməlidir ki, smart kart sistemi beynəlxalq təcrübədə geniş tətbiq olunan, şəffaflığı və dəqiq uçotu təmin edən mexanizmdir. Bu sistem istehlakçının istifadə etdiyi qazın həcmini birbaşa nəzarətdə saxlamağa, borclanmanın qarşısını almağa və insan faktoru ilə bağlı sui-istifadə hallarını minimuma endirməyə xidmət edir. “Azəriqaz”ın bu sistemə keçidi də məhz bu məqsədlərə hesablanıb. Smart kartlara qaz yüklənməsi zamanı yaşanan problemlərin böyük hissəsi isə texniki səbəblərlə bağlıdır və bunlar sistemin özündən deyil, kənar amillərdən qaynaqlanır. Elektron terminalların internet bağlantısında yaranan fasilələr, ödəniş aparatlarının nasazlığı, kartın fiziki zədələnməsi və ya abonent tərəfindən düzgün istifadə edilməməsi bu halların əsas səbəbləri sırasındadır. Buna baxmayaraq, bütün bu texniki nüanslar bilərəkdən görməzdən gəlinir və məsuliyyət birtərəfli şəkildə “Azəriqaz”ın üzərinə atılır. Bu isə obyektiv yanaşmadan daha çox, qərəzi, əsassız ittihamların mövcudluğunu aydın şəkildə ortaya qoyur.
Digər mühüm məqam ondan ibarətdir ki, smart kart sistemi real vaxt rejimində işləyən elektron infrastruktur üzərində qurulub. Bu isə o deməkdir ki, istənilən texniki sistemdə olduğu kimi, qısamüddətli gecikmələr və lokal nasazlıqlar mümkündür. Lakin bu hallar dərhal ümumiləşdirilərək “kütləvi problem” kimi təqdim olunur. Halbuki statistik göstəricilər göstərir ki, smart kart istifadəçilərinin böyük əksəriyyəti qaz yüklənməsi ilə bağlı ciddi çətinliklərlə üzləşmir.
İstər qərəzli yanaşma ortaya qoyanlar, istərsə də elə abonentlərin özləri bilməmiş deyillər ki, smart kartlara qaz yüklənməsi ilə bağlı hər bir müraciət üzrə “Azəriqaz”ın müvafiq texniki xidmətləri fəaliyyət göstərir. Hər hansı bir xırda problem yarandıqda kartların yoxlanılması, yenilənməsi və ya dəyişdirilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu mexanizmlərin mövcudluğunu görməzdən gəlib laqeydlik iddiası irəli sürmək reallığı əks etdirmir.
Bir sözlə, smart kartlara qaz yüklənməsi ilə bağlı səsləndirilən iddialar əksər hallarda şişirdilmiş və əsassızdır. Texniki sistemlərdə yaranan lokal problemləri ümumi fəaliyyətin iflası kimi təqdim etmək nə obyektivdir, nə də ədalətli. “Azəriqaz” bu sahədə mövcud imkanlar çərçivəsində operativ tədbirlər görür və sistemi təkmilləşdirmək istiqamətində işlərini davam etdirir.
Ümumiyyətlə isə, istər “Azəriqaz”, istərsə də digər qurumlara qarşı səsləndirilən məsuliyyətsiz tənqidin təhlükəli tərəfi ondan ibarətdir ki, bu cür fikirlər cəmiyyətdə dövlət institutlarına qarşı inamsızlıq yaratmağa xidmət edir. Nəticə etibarilə cəmiyyət bilərəkdən sosial partlayışa tətiklənir. Əsassız və sübutsuz ittihamlar ictimai şüurda xaos formalaşdırmaqdan başqa bir şey deyil. “Azəriqaz”a qarşı aparılan bəzi kampaniyaların məqsədi də məhz bu təsiri yaratmaqdır.
Unudulmamalıdır ki, “Azəriqaz” fəaliyyətinə dövlət nəzarəti mövcuddur və qurum mütəmadi olaraq yoxlamalardan keçir. Qanunvericiliyin tələbləri, təhlükəsizlik normaları və hesabatlılıq mexanizmləri bu sahədə özbaşınalığa yer qoymur. Real problem yarandıqda isə bununla bağlı rəsmi mexanizmlər mövcuddur və həmin mexanizmlər işləkdir.
Süleyman