
Tayvanda bir F-16 qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Tayvan Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, ABŞ istehsalı olan “F-16V” tipli qırıcı təyyarə adanın şimal-şərqində yerləşən Hualien əyaləti sahilləri yaxınlığında planlı təlim uçuşu zamanı dənizə düşüb.
Qəza nəticəsində pilotun təyyarə düşməzdən əvvəl katapult sistemi vasitəsilə özünü təyyarədən çıxardığı bildirilib. İtkin düşən pilotun tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanıldığı qeyd olunub.
Tayvanda 2022 və 2024-cü illərdə də “Mirage 2000” tipli qırıcı təyyarələr qəzaya uğrayaraq dənizə düşmüş, pilotlar isə qəza baş verməzdən əvvəl katapult sistemi ilə özlərini təyyarədən çıxararaq xilas olmuşdular.