RU

Bahalaşan qəzetlər, ucuzlaşan vərdişlər: Çap mediasının səssiz yoxa çıxışı

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycanda bir sıra qəzetlərin satış qiymətinin bahalaşması ilk baxışdan adi iqtisadi qərar təsiri bağışlasa da, əslində daha dərin və ağrılı bir prosesin xəbərçisidir. Yanvarın 5-dən etibarən “525-ci qəzet”, “Bakı Xəbər”, “Novoye Vremya”, “Səs” və hətta krosvord qəzetlərinin qiymətlərinin artırılması çap mediasının son nəfəsini qorumaq cəhdi kimi də qiymətləndirilə bilər.

Rəqəmlər sadədir 40–60 qəpik artım. Amma bu rəqəmlərin arxasında bütöv bir mədəniyyətin tədricən sıradan çıxması dayanır.

Bir vaxtlar səhər çayı qəzet olmadan təsəvvür edilmirdi. Köşklərin qarşısında növbə yaranar, qəzet səhifələrinin xışıltısı şəhərin səssiz musiqisinə çevrilərdi. Bu gün isə həmin köşklər ya bağlanır, ya da yalnız siqaret və su satan nöqtələrə çevrilir. Qəzetlər get-gedə yox olur, qəzet oxuma mədəniyyəti isə demək olar ki, məhv edilir.

Qiymət artımı bu prosesin səbəbi deyil, nəticəsidir. Əsas problem informasiya istehlakının tamamilə dəyişməsidir. İnternet və sosial şəbəkələr xəbərlə dolub-daşır. Amma bu bolluq içində dərinlik, məsuliyyət və peşəkarlıq getdikcə azalır. Qısa başlıqlar, emosional paylaşımlar, yoxlanılmamış məlumatlar klassik jurnalistikanın səsini boğur. Çap mediası isə tələsmir. Qəzet xəbəri süzgəcdən keçirir, faktı təsdiqləyir, məsuliyyət daşıyır. Oxucu ilə daha səbirli, daha düşünülmüş dialoq qurur. Lakin sürətli dövr səbir istəmir. Klik istəyir, baxış sayı istəyir, sensasiya istəyir.

Bahalaşan qəzet qiymətləri oxucunu bir az da uzaqlaşdırır. Çünki bu gün bir manatlıq qəzet almaqdansa, insan telefonundakı pulsuz xəbər lentinə üstünlük verir. Amma “pulsuz” olan hər şeyin keyfiyyəti də sual altındadır. Pulsuz xəbər çox vaxt bahalı düşüncəyə başa gəlir. Əslində, burada itirən təkcə qəzetlər deyil. İtirən cəmiyyətdir. Analitik düşüncə, dərin oxu vərdişi, fərqli baxış bucaqları yavaş-yavaş sıradan çıxır. Bir vaxtlar ictimai rəyin formalaşmasında əsas rol oynayan qəzetlər indi küncə sıxışdırılıb.

Bu gün qəzetlərin qiyməti qalxır, sabah isə bəlkə də qəzetin özü tapılmayacaq. Sual isə açıq qalır. Biz informasiyanı sürətlə almağa üstünlük verərkən, düşünərək oxumaq vərdişimizi də itirmirikmi?

Qəzetlərin yoxa çıxması sadəcə kağızın itməsi deyil. Bu, yaddaşın, arxivin, jurnalistikanın klassik məktəbinin səssiz vidalaşmasıdır.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
icma.az

1Источники