BAKI, 8 yanvar. TELEQRAF
Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydasında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2009-cu il 7 avqust tarixli “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Fərmanda bir sıra dəyişikliklər aparılıb.
Dəyişikliklərə görə, kredit təşkilatlarının yenidən təşkili və ləğvi ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Prezidentinə verilib. Eyni zamanda, sənəddə bəzi terminoloji dəqiqləşdirmələr aparılıb və müvafiq maddələr üzrə redaktə xarakterli dəyişikliklər edilib.