Amerika mənbələrinə görə, yaxın günlərdə İran hakimiyyəti xalq etirazlarını yatırmaq üçün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (KİK) hərbi qüvvələrindən istifadə edəcək.
ABŞ mediası, İran hökumətindəki mənbələrinə istinadla, Tehranın müxtəlif şəhərlərdə etirazları yatırmaq üçün elit KİK qüvvələrinin cəlb olunması əməliyyatını hazırladığını bildirir. The New York Times yazır ki, bu addım yerli və mərkəzi səlahiyyətlilərin etirazçılarla əlaqə qurmaqda və ölkədə artan iğtişaşları dayandırmaqda aciz qalması ilə bağlıdır. Eyni mənbələr qeyd edirlər ki, məmurlar iqtisadi problemlər səbəbindən xalqın narazılığı qarşısında gücsüzdür.
Buna görə də KİK-in etirazçı şəhərlərdə nizam-intizamı bərpa etmək üçün cəlb olunması planlaşdırılır, baxmayaraq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu adətən daxili təhlükəsizliyin təmin olunmasında iştirak etmir.
ABŞ bu hadisələri yaxından izləyir, buna etirazlarla bağlı ABŞ siyasətçilərinin açıqlamaları da sübutdur. Xüsusilə, Dövlət Departamenti Tehranı xalq narazılığını güc tətbiqi ilə yatırmaqda ittiham edib və Gollam-Hüseyn Moxseni-Əcəinin sözlərini xatırladıb: “Üsyançılara qarşı heç bir güzəşt və dözümlülük olmayacaq.”
Prezident Donald Tramp ABŞ-ın İran rəhbərliyinə qarşı hər hansı addımlar ata biləcəyini bildirib və vurğulayıb ki, iranlılar mütləq İslam Respublikası rejimini devirmək istəyirlər:
"Kütlələr sadəcə möhtəşəmdir. Bu rejimi devirmək ətrafında coşğu inanılmazdır. Çox sayda insan etiraz edir."
Qeyd edək ki, hazırda İranda internet və mobil əlaqə demək olar ki, tamamilə kəsilib. Dövlət mediası da fasilələrlə işləyir.
Ərəb KİV-ləri Tehranda hökumət obyektlərindən birinin yandırıldığını və Ferdisdə atışma nəticəsində onlarla insanın öldüyünü bildirir. Yəzd şəhərində isə gecə saatlarında bələdiyyə binası yanıb.