Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov isə qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində etimad və vətəndaş cəmiyyətinin iştirakı əsas rol oynayır: “Ermənistanda parlament seçkilərində indiki hakimiyyət qalib gəlsə, bu, sülh prosesində vətəndaş cəmiyyətinin iştirakını institutlaşdıra bilər. Bugünkü nailiyyətimiz odur ki, iki tərəf arasında ünsiyyət artıq vətəndaş cəmiyyəti səviyyəsində formalaşıb və dialoq epizodik təşəbbüsdən davamlı mexanizmə çevrilib”.
1news.az-ın baş redaktoru Kəmalə Məmmədova bildirib ki, regionda sülhün bərqərar olmasında medianın rolu böyükdür: “Mediada aparılan müzakirələr və səslənən şərhlərə xüsusi diqqət yetirməliyik. Biz Ermənistan mediasında gedən prosesləri izləyir və hesab edirik ki, keçmişi unutmadan sülhə yönəlmiş addımlar atılmalıdır”.
Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva isə vurğulayıb ki, sülh yalnız siyasi sənədlərin imzalanması ilə əldə olunmur: “Biz hökumətin sülh siyasətini dəstəkləyirik. Eyni zamanda hesab edirik ki, vətəndaş cəmiyyətinin rolu həyati əhəmiyyət daşıyır. Onlar dialoq, qarşılıqlı anlaşma və etimadın formalaşmasında mühüm vasitəçi kimi çıxış edir, həm təşəbbüskarlıq, həm də sosial dəstək göstərməklə sülhün davamlı olmasına töhfə verirlər”.
Topçubaşov Mərkəzinin rəhbəri, siyasi analitik Rusif Hüseynov deyib ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında diasporların rolu böyükdür. “Onlar mədəniyyət və tarixi dəyərləri dünyaya çatdırmaqla qarşılıqlı anlayışı gücləndirir, beynəlxalq səviyyədə sülh təşəbbüslərini dəstəkləyirlər. Diasporların fəaliyyəti dialoq və etimad mühitinin formalaşmasına mühüm töhfə verir”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev bildirib ki, etimad quruculuğu tədbirləri sülh üçün vacib olsa da, müqavilənin imzalanması üçün kifayət deyil: “İki xalq onilliklər boyu münaqişədə yaşayıb, insanlar yaxınlarını itirib, şəhər və kəndlər dağılıb. Tam etimad və sosial harmoniyanın bərpası uzunmüddətli prosesdir. Sülh yalnız sənədlə deyil, cəmiyyətin şüurunda formalaşmalı, dialoq və qarşılıqlı empatiya tələb edir. Qarşılıqlı səfərlər, birgə tədbirlər və informasiya mübadiləsi sülhü birbaşa təmin etməsə də, onu dəstəkləyən mühit yaradır”.
Müzakirədə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ictimai xadimlər, sülh və münaqişələrin həlli üzrə ekspertlər və media nümayəndələri iştirak edib. İştirakçıların sualları cavablandırılıb, müxtəlif təklif və təşəbbüslər səsləndirilib. Foto: Nadir İbrahimli