RU

İran İslam Respublikası varlığının son mərhələsinə daxil olur

Legitimliyini itirmiş bu dövlət zor tətbiqi hesabına hakimiyyətdə sonsuzadək qala bilməz...

Müəllif: Farid Vahid — Jan Jorès Fondunun nəzdində Şimali Afrika və Yaxın Şərq üzrə Observatoriyanın həmsədri
Le Monde nəşri

İran yenidən beynəlxalq gündəmin mərkəzinə qayıdıb. Artıq iki həftədən çoxdur ki, ölkə misli görünməmiş sərt repressiyalara baxmayaraq kütləvi etirazlarla silkələnir. Əvvəlcə Tehran Böyük Bazarının tacirlərinin milli valyutanın kəskin dəyərdən düşməsinə etirazı kimi başlayan aksiyalar qısa müddətdə siyasi xarakter alaraq rejimə qarşı açıq etiraz formasına çevrilib.

Bu səfərbərlik İran İslam Respublikasını dərindən sarsıdan bir sıra böhranların fonunda baş verir. İlk növbədə orta təbəqənin dağılması və geniş əhali kütlələrinin yoxsullaşması ilə müşayiət olunan iqtisadi böhran diqqət çəkir. Hakimiyyətə yaxın oliqarxiya isə korrupsiya və renta gəlirləri hesabına rifahını qoruyur. Bununla yanaşı, azadlıq və bərabərlik istəyən, böyük ölçüdə dünyəviləşmiş gəncliklə avtoritar, fundamentalist və arxaik rejim arasında dərin siyasi və sosial uçurum mövcuddur.

Bu mənzərəyə onilliklər boyu səmərəsiz təbii resurs idarəçiliyinin nəticəsi olan ağır ekoloji böhran, eləcə də 7 oktyabr terror hücumlarından və İsrailə qarşı aparılan “on iki günlük müharibə”dən sonra regionda güc balansının dəyişməsi ilə dərinləşən geosiyasi və hərbi böhran da əlavə olunur.

Belə partlayışa hazır şəraitdə rejim əleyhinə yeni etiraz dalğasının baş qaldırması təəccüblü deyil. Son iyirmi ilə yaxındır ki, İranda ard-arda səfərbərliklər baş verir və bu aksiyalar getdikcə daha tez-tez və daha güclü xarakter alır.

Kənardan baxanda bu hərəkatların sistemli şəkildə boğulması onların uğursuzluğu və uzunmüddətli təsirsizliyi kimi görünə bilər. Lakin bu, reallığın sadələşdirilmiş şərhidir. Etirazların hər bir mərhələsi — “Qadın, həyat, azadlıq” hərəkatı kimi — İran cəmiyyətində dərin iz buraxıb və rejimi zəiflədib. Ali lider ayətullah Xamenei çıxışlarında İran İslam Respublikasını möhkəm, dərin köklü ağaca bənzətməyi sevir. Halbuki bu ağac daxildən o qədər çürüyüb ki, onun aşması üçün çox kiçik bir təkan kifayət edə bilər.

Dağıdıcı məntiq

Mövcud etiraz dalğası bir neçə göstəriciyə görə misilsizdir. Əvvəla, o, ölkənin bütün bölgələrini və ən əsası bütün sosial təbəqələri əhatə edir. Əgər 2019-cu il etirazları əsasən aşağı təbəqələrə, 2022-ci il hərəkatı isə orta sinfə xas idisə, indiki səfərbərlik bütün cəmiyyətə sirayət edib və miqyasına görə yalnız 2009-cu ilin “yaşıl hərəkatı” ilə müqayisə oluna bilər.

İkincisi, İranın son şahının oğlu Rza Pəhləvinin fiquru ətrafında yeni dinamika formalaşır. Bu, onun lehinə səsləndirilən şüarlarda və cəmiyyətin bir hissəsinin keçid dövründə mümkün rolunu qəbul etməsində özünü göstərir.

Nəhayət, ilk dəfə olaraq xarici amillər də mühüm rol oynaya bilər. Etirazlar başlayandan bəri Donald Tramp nümayişçilərin qəddar şəkildə yatırılması halında rejimə müdaxilə ilə bağlı dəfələrlə hədələr səsləndirib. Bu bəyanatlar iranlılar tərəfindən ciddi qəbul olunur, xüsusən də Venesuela prezidenti Nikolas Maduronun başına gələnlər fonunda. ABŞ prezidentinin mövqeyi bir tərəfdən rejimi narahat edir, digər tərəfdən isə cəmiyyətin bir hissəsini ruhlandıra bilər.

Daxili və xarici böhranların arasında sıxışan İran İslam Respublikası yenidən dağıdıcı və ölümcül məntiq yolunu seçir. Buradan bir neçə ssenari təsəvvür etmək olar. Bir variant — repressiyaların güclənməsinə baxmayaraq etirazların davam etməsi və rejimin çökməsi üçün zəruri olan təhlükəsizlik və siyasi aparat daxilində çatların yaranmasıdır. Lakin hakimiyyətin sağ qalmaq üçün qətllərdən çəkinmədiyi şəraitdə səfərbərlik sonsuzadək davam edə bilməz. Bu halda əsas sual Donald Trampın hədələrini həyata keçirib-keçirməyəcəyidir, yəni hərbi müdaxiləyə gedib-getməyəcəyi. Belə ssenari son dərəcə mürəkkəb və nəticələri qeyri-müəyyən olardı: ya rejimi ciddi şəkildə zəiflədib onun süqutuna gətirər, ya da əksinə, arzuolunmaz və əks-təsirli nəticələr doğurar.

“Zombi-dövlət”

Hazırda yeganə şübhəsiz həqiqət mövcud vəziyyətin yaşaya bilməməsidir. Öz gəncliyini “terrorçu” adlandıran dövlət uzun müddət mövcud ola bilməz. O, qorxu üzərində əbədi hökmranlıq edə bilməz, xüsusən də həbslərə, qətllərə və internetin kəsilməsinə baxmayaraq etirazların miqyası qorxunun tərəf dəyişdirdiyini göstərdiyi bir vaxtda. İran İslam Respublikası son mərhələsinə daxil olur. Tanınmış amerikalı iranşünas Kərim Səccadpurun konsepsiyasına uyğun olaraq bu mərhələni “zombi-dövlət” mərhələsi adlandırmaq olar. Legitimliyini itirmiş və həyati funksiyalarını yerinə yetirə bilməyən bu dövlət mövcudluğunu ölümcül zorakılıq hesabına davam etdirir. Bu zorakılıq sonu təxirə salsa belə, rejimin klinik ölümünün qarşısını ala bilmir.

Küçə etirazları ilə yanaşı, nəzərdən qaçırılmamalıdır ki, iranlıların İran İslam Respublikasının qurulduğu gündən apardığı əsas mübarizə mədəni mübarizə olub və bu mübarizə artıq qazanılıb. İran cəmiyyəti siyasi islamdan qəti şəkildə üz çevirib və mövcud rejimin heç bir formada davamını istəmir. Əhalinin əksəriyyəti siyasət və dinin tam ayrılmasına, xarici dünya ilə münasibətlərin normallaşmasına, vətəndaş və şəxsi azadlıqlara, eləcə də iqtisadi rifaha can atır. Rejim hakimiyyətdə qaldığı müddətdə bu məqsədlərin heç biri mümkün deyil. Deməli, İran İslam Respublikasının sonu yalnız süqut ola bilər. Tarixin axarı belədir və bu, qaçılmazdır.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Избранный
34
poliqon.info

1Источники