RU

"Youtube"da 140 il davam edən video -

Ötən gün bir sıra xəbər saytları “YouTube”a yüklənən və 140 ildən artıq müddəti əhatə edən video ilə bağlı məlumat yayıb. Sözügedən videoda nə təsvir, nə də səs mövcuddur. Məlumdur ki, “YouTube” platformasında videolar üçün 128 GB və ya 12 saatlıq müddət limiti tətbiq olunur. Bu halda belə bir video platformaya necə yüklənə bilib? Bundan əlavə, həmin kanala abunə olan istifadəçiləri təhlükəsizlik baxımından hər hansı risk gözləyə bilərmi?Kibertəhlükəsizlik üzrə ekspert, AYM -nın IT/Kommunikasiyalar və Kibertəhlükəsizlik Departamentinin rəhbəri Əmrah Mövsümzadə Metbuat.az-a açıqlamasında bildirib ki, “YouTube”un rəsmi limitləri videonun faktiki uzunluğuna deyil, onun kodlaşdırılmış (encoded) məlumat həcminə əsaslanır. Platforma maksimum təxminən 128 giqabayt ölçülü və ya 12 saata qədər standart videolara icazə versə də, yüksək sıxılma (compression) tətbiq edildikdə bu limitlər praktik olaraq aşılmış kimi görünə bilər: "Bu tip videolar adətən müəyyən texniki üsullarla hazırlanır. Məsələn, tək və ya minimal kadrdan (qara ekran və ya statik piksel) istifadə olunur, səs kanalı tamamilə boş saxlanılır, son dərəcə aşağı bitreyt və yüksək sıxılma kodekləri tətbiq edilir. Beləliklə, video zaman oxu texniki baxımdan süni şəkildə uzadılır, lakin real məlumat həcmi çox kiçik qalır. Nəticədə video yüz illərlə davam edirmiş kimi görünsə də, “YouTube” serverlərinə ötürülən məlumat limitləri aşmır və sistem bunu adi video kimi qəbul edir".Ekspertin sözlərinə görə, belə bir videoya abunə olmaq avtomatik olaraq birbaşa kiber təhlükə yaratmır:"Yəni sadəcə “subscribe” düyməsinə basmaqla istifadəçinin cihazına virus yoluxması və ya şəxsi məlumatlarının oğurlanması mümkün deyil. Lakin dolayı risklər mövcuddur. Bu cür kanallar sonradan məzmunu dəyişə, zərərli və ya manipulyativ videolar paylaşa, video təsvirində və ya şərhlərdə “phishing” linkləri və saxta sayt yönləndirmələri yerləşdirə bilər. Eyni zamanda, psixoloji təsir və ya alqoritm manipulyasiyası məqsədilə də istifadə oluna bilər".Ə.Mövsümzadə istifadəçilərə tövsiyə edib ki, şübhəli və qeyri-adi kanalların linklərinə daxil olmasınlar, şərhlərdə və təsvir bölməsində paylaşılan faylları yükləməsinlər, hesab təhlükəsizliyi üçün iki mərhələli identifikasiyanı daim aktiv saxlasınlar:"Sözügedən videolar daha çox texniki eksperiment və ya platforma limitlərinin nümayişi xarakteri daşıyır. Birbaşa təhlükə olmasa da, istifadəçilərin rəqəmsal ayıqlığı bu kimi hallarda hər zaman vacibdir".

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
105
1
metbuat.az

2Источники