Orta Dəhliz çərçivəsində əməkdaşlıq 2026-cı ildə "Avrasiya Nəqliyyat Marşrutu" assosiasiyası vasitəsilə praktik nəticələr mərhələsinə keçə bilər.
Aznews.azxəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov sosial şəbəkələrdə paylaşım edib.
Onun sözlərinə görə, 2026-cı il Orta Dəhliz üçün yeni dinamika ilə başlayıb. O bildirib ki, region artıq "vəhşi kapitalizm" mərhələsini geridə qoyub və qloballaşmanın tələb etdiyi koordinasiyalı fəaliyyət mərhələsinə daxil olub - nəqliyyat dəhlizlərinin inkişafı, ticarətin genişlənməsi və bu dəhlizlər boyunca biznesin böyüməsi.
E. Məmmədov qeyd edib ki, Çin artıq bir neçə ildir bu istiqamətdə daha fəal mövqe nümayiş etdirir, hazırda isə Avropa nəqliyyat tərəfdaşları tərəfindən də oxşar açıq yanaşma müşahidə olunur: "Onlar proseslərdə sadəcə kənardan müşahidəçi olmaqdan çıxıb, dəhlizin inkişafında aktiv iştirak etmək istəyirlər".
"Bu gün "Avrasiya Nəqliyyat Marşrutu" assosiasiyasının ilk işçi iclası keçirilib. Bu, Orta Dəhlizin cənub hissəsinin gücləndirilməsi istiqamətində bizim üçün praktik addımdır. 2026-cı il əməkdaşlığın regional iqtisadi inteqrasiyada artıq görünən nəticələr verməyə başladığı il ola bilər", - deyə müşavir yazıb.