RU

Qara dənizdə Qazaxıstan nefti ilə dolu tankerlərə dron hücumu olub

“Delta Harmony”, “Matilda” və “Delta Supreme” tankerləri Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalından 30 mil məsafədə dronlarla hücuma məruz qalıb.

Ekologiya.az xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı itki olmayıb.

“Röyter” agentliyinin məlumatına görə, hər üç gəmi Yunanıstan şirkətləri tərəfindən idarə olunur və Rusiya sahillərindəki Xəzər konsorsiumunun dəniz terminalına gedirdi. Agentlik qeyd edir ki, hücumun arxasında duranların kimliyi hələ müəyyən edilməyib: Ukrayna şərh verməyib və CPC şərh verməkdən imtina edib.

Məlumata görə, “Delta Harmony” (“Delta Tankers” tərəfindən idarə olunur) Qazaxıstanda “Chevron” və “KazMunayGas” arasında birgə müəssisə olan “Tengizchevroil”dan neft qəbul etməli idi.

Agentliyin mənbələri bildirib ki, “Thenamaris” tərəfindən idarə olunan “Matilda” Qazaxıstanın Qaraçaqanak yatağından neft yükləməyi gözləyirdi.

“Thenamaris” nümayəndəsi “Röytter”ə təsdiqləyib ki, “Matilda” Xəzər konsorsiumundan 30 mil məsafədə iki dron tərəfindən vurulub. O, itki olmadığını, ziyanın az olduğunu və gəminin hazırda ərazidən çıxdığını söyləyib. Dəniz təhlükəsizliyi ilə bağlı iki mənbə bildirib ki, gəmidə yanğın baş verib, lakin tez bir zamanda söndürülüb.

“KazMunayGas” da 13 yanvarda “Matilda” gəmisinə dron hücumu olduğunu təsdiqləyib və "sonradan yanma olmadan partlayış baş verdiyini" bildirib.

Ekipaj arasında xəsarət alan olmayıb. İlkin qiymətləndirmələrə görə, gəmi dənizə yararlı olaraq qalır və ilkin yoxlama zamanı ciddi struktur zədələnməsi əlamətləri aşkar edilməyib. Şirkət bildirib ki, zərərin qiymətləndirilməsi aparılır.

Bundan əlavə, dronlar həmçinin “Delta Supreme” tankerinə də hücum edib.

Musavat.com

Избранный
70
ekologiya.az

1Источники