RU

“Mənə Azərbaycana gəlmək qadağandır” - MÜSAHİBƏ

BAKI, 14 yanvar. TELEQRAF

Azərbaycan Premyer Liqasının lideri “Sabah” bir neçə gün öncə bosniyalı futbolçu Boyan Letiçlə yolları ayırdı. 2022-ci ilin fevralından “bayquşlar”ın üzvü olan 33 yaşlı müdafiəçi ümumilikdə 125 oyun keçirib, həm də klubun tarixində önəmli rol oynayıb. Letiç "Sabah"ın tarixində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də avrokuboklarda ilk qolunun müəllifidir.

Letiç Teleqraf-a müsahibəsində həm ayrılığının səbələri, həm də digər sualları cavablandırıb:

- “Sabah”dan niyə ayrıldınız?

- Mən açıq danışacağam və necə baş verdiyini izah edəcəyəm… Premyer Liqanın ikinci turunda “Şamaxı” ilə oynayacaqdıq. Mən həmin oyundan 3 gün əvvəl biləyimi zədələdim və nəticələr göstərdi ki, iki aylıq fasilə etməliyəm. 7 gün keçmişdi, klubun direktoru gəlib dedi ki, mənim yerimə əvəzləyici tapılıb və mən çempionat üçün PFL-də qeydiyyatdan keçməyəcəyəm. Bu mənim üçün ilk bir neçə günlük şok oldu. Açığı, belə bir şeyin mənim başıma gələ biləcəyini gözləmirdim. Çünki kluba verdiyim faydalar var. Amma həyat belədir, öyrəşir və irəli baxırsan.

- Adınızı sonradan protokola nə üçün salınmadı? Baş məşqçinin bu qərarında ədalətsizlik hiss etdinizmi?

- Bu, düzgün deyil… Düşünürəm ki, hər şey fərqli və daha yaxşı şəkildə bitə bilərdi, belə yox… Amma “Sabah”dan heç bir şikayətim yoxdur. Səmimi olmalıyam, bu 4 il ərzində həm o klubdan, həm də Bakıdan həzz aldım.

- “Sabah”da tarix yazmış oyunçusunuz. Avrokuboklarda klubun qolunu vuran futbolçu olmaqla yanaşı, ən çox oyun keçirən legionersiniz. Hər kəs sizin karyeranızı “Sabah”da bitirəcəyinizi gözləyirdi. Sizin də belə bir planınız var idi?

- Düzünü desəm, şüuraltı olaraq karyeramı “Sabah”da bitirəcəyim barədə bir düşüncəm var idi. Çünki bu klub üçün hər şeyi etmişdim. İnsanların mənə karyeramı orada başa vura biləcəyimlə bağlı danışdığı bəzi söz-söhbətlər də var idi, amma mən bunlara həmişə müəyyən ehtiyatla yanaşmışam. Heç kimə tam etibar etmirdim, çünki karyeram boyu bir çox hallarda nəsə deyib, sözünü yerinə yetirməyən insanlarla rastlaşmışam. Deyə bilərəm ki, həmin zədə hər şeyi dəyişdi.

- Ümumilikdə, peşəkar futbolçu kimi, bu vəziyyət sizə necə təsir etdi? Dambrauskasla oyun vaxtınız barədə şəxsi danışığınız olmadımı?

- Bu mənim üçün şok oldu. Mən baş məşqçi ilə çox yaxşı münasibətim var idi. Həqiqətən bilmirəm ki, bu qərara görə məsuliyyət daşıyan kimdir. Bu barədə kluba soruşmaq lazımdır. Amma məncə, bu artıq heç bir əhəmiyyət daşımır.

- “Sabah”a Murad Musayev dönəmində gəldiniz, sonra Krunoslav Renduliç, Vasili Berezutski və Valdas Dambrauskasla çalışdınız. Bu məşqçilər karyeranıza necə təsir etdilər?
- Mən Murad Musayev ilə özümü çox yaxşı hiss etdim, çünki mənim üstünlüklərimi görən və sistemini mənim üzərimə quraraq dəyişən baş məşqçi idi. Mən hələ də inana bilmirəm ki, o “Sabah”dan getdi və ya onu belə bir məşqçini necə buraxdılar, başa düşmürəm… Renduliç ilə daha çox müdafiə üslubunda oynadıq, amma mən ən yaxşı statistikaya malik idim, Berezutski haqqında şərh verməyəcəyəm. Dambrauskasın əla məşqçi olduğunu demişdim və o gəldiyi zaman münasibətlərimiz əla idi, amma indi onunla çox oynamadım, çünki qeydiyyatdan keçməmişdim.

- Sizə yaxşı təklif olub ki, sonradan getmədiyiniz üçün peşman olmusunuz?

- Əlbəttə, təkliflər olub… Açığı, Murad Musayev klubu tərk etdikdən sonra getmədiyim üçün peşman oldum. Amma getmək imkanım yox idi, çünki o klubdan ayrılmazdan az əvvəl müqaviləmi uzatmışdım. Keçən yay iki təklif aldım və yenə də getmədiyim üçün peşman oldum. Çünki mənə bir şey vəd edilmişdi, ona görə də onu pozmaq istəmədim.

- Hansı vəddən söhbət gedir?

- Bu, klubla mənim aramda olan məsələdir, deyə bilməyəcəm.

- Azarkeşlər sizi Azərbaycanda çıxış etmiş ən yaxşı əcnəbi oyunçulardan biri hesab edirlər. Niyə klub sizə tam güvənmədi?

- Mən hər oyunda və hər məşqdə əlimdən gələni etdim. Onlar bunu mütləq qiymətləndirdilər və əlbəttə keyfiyyətimi tanıyırdılar. Bəzən belə olur ki, nəsə yaxşı keçmir, amma heç kim mənə deyə bilməz ki, mən döyüşməmişəm. Mən heç vaxt özümə şübhə etməmişəm.

- Futbolçu kimi hansı məqsədlərə nail oldunuz və hansı hədəfləriniz qalır?

- Mənim məqsədim ya İtaliyada, ya da İspaniyada oynamaq idi ki, buna nail oldum. Əlbəttə, hələ də məqsədlərim var, amma onlar barədə danışmaq istəmirəm.

- “Sabah”da sizi ən çox kim dəstəkləyirdi? Klubda kiməsə qarşı incikliyiniz olub?

- Heç kəsi seçməzdim, mən həqiqətən hər oyunçu ilə yaxşı münasibətim olub. Hər kəslə düzgün münasibət qurmağa çalışdım və hesab edirəm ki, bunu yerinə yetirdim. “Sabah”da çox xatirə qalan oyunlarım olacaq, amma Bakıdakı “Partizan”la oyunu seçərdim, çünki yaxşı oynadım və gözəl qol vurmuşdum.

- Karyeranızı harada davam etdirməyi planlaşdırırsınız? Azərbaycandan təklif almısınız?

- Mənə bu qış transfer pəncərəsində Azərbaycana gəlmək qadağandır. Mən artıq iyundan Azərbaycana gələ bilərəm, amma hər şey oradakı klubların yaydan məni istəyib-istəməməsindən asılıdır.

- Yəni, bu, "Sabah"ın tələbidir?

- Bəli, indi mənim üçün qış transfer pəncərəsi qadağandır, amma yaydan etibarən sizin liqaya gələ bilərəm.

- Azərbaycan Premyer Liqasında hansı klublarda çıxış edərdiniz?
- Nəzərdən keçirərdim. Bu, klubdan və təklifdən asılıdır.

- Təxminən dörd il burada çıxış etmisiniz və Azərbaycan futboluna yaxşı bələdsiniz. Azərbaycan futbolunu düşünərkən hansı oyunçular yadınıza düşür?
- Mən oyunçuları ayırmağı sevmirəm. Hər oyunçunun öz zəif və güclü tərəfləri var. Ona görə də bu barədə danışmaq istəmirəm.

- Azərbaycanda yaşayərkən nəyi bəyənir, nəyi bəyənmədiniz? Buranın mətbəxi ilə aranız necədir?

- Bakıda həddindən artıq tıxac var. İnsanlar çox təhlükəli sürürlər. Yəni izdiham çoxdur. Yemək məsələsinə gəlincə, yaxşı yeməklər var, amma onlar mənim üçün çox ağırdır. Mən daha yüngül yeməkləri sevirəm. Açığı, Bakı məni müsbət mənada çox təsirləndird. İnsanlar pozitivdir, kömək etmək istəyirlər, bu məni sevindirir, siz mənim ölkəmdəki insanlara oxşayırsınız.

- Sonda Bakıdan hansı xatirələrlə ayrılırsınız?

- Mən Bakıya heyranam, gözəl, müasir şəhərdir. Səmimi olaraq ümid edirəm ki, gələcəkdə bu şəhəri ziyarət etmək şansım olacaq. Və o, həmişə qəlbimdə xüsusi bir yer olaraq qalacaq.

- “Sabah” azarkeşlərinə nə demək istərdiniz?

- Mən onlara təşəkkür edirəm ki, bütün bu illər ərzində mənə dəstək oldular. Ümid edirəm ki, onların gözləntilərini qarşıladım və məni yaxşı xatırlayacaqlar.

Избранный
25
2
teleqraf.com

3Источники