RU

"Qızılın əsas üstünlüyü sərmayə dəyərinin qorunmasındadır"

Dünya bazarına qızıl bu həftə aktivlik səviyyəsi yüksəlib.Hazırda investorlar risklərdən uzaqlaşaraq “təhlükəsiz liman” kimi qızılı seçir, bu isə spot bazarda unsiya üçün yeni rekord səviyyələrə yaxınlaşma deməkdir. ABŞ Federal Ehtiyatının faiz siyasəti ilə bağlı qeyri-müəyyənlik də qızılı daha cəlbedici edir.“Gold Price” məlumatına görə, həftənin əvvəlində təxminən 4 470 –4 480 dollar civarında olan qızıl sonrakı günlərdə daha da güclənib. Metbuat.az xəbər verir ki, geosiyasi gərginliklər, faiz dərəcələri ilə bağlı gözləntilər və qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda baş verənlərin qızıla təsirləri barədə Kredit.az Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov ilə həmsöhbət olub:
Rövşən bəy, geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklər fonunda qızılın etibarlı sərmayə aləti kimi rolunu necə qiymətləndirirsiniz?Qlobal miqyasda geosiyasi risklərin artdığı və iqtisadi gözləntilərin zəiflədiyi dövrlərdə qızılın etibarlı sərmayə aləti kimi rolu adətən güclənir. Bunun başlıca səbəbi qızılın hər hansı dövlətin və ya şirkətin öhdəliyi olmaması, kredit riski daşımaması və bazarlarda qeyri-müəyyənlik yüksəldikcə investorların daha çox vəsaitini qorumağa yönəlməsidir. Eyni zamanda qızıl bir çox hallarda səhmlər kimi daha yüksək riskli aktivlərlə eyni istiqamətdə hərəkət etmi, bu xüsusiyyət onu portfel üzrə risklərin azaldılması və diversifikasiya baxımından daha funksional alətə çevirir. Bununla yanaşı, qızıl “tam risksiz” aktiv hesab edilə bilməz: qiymətində volatillik müşahidə olunur və qısa müddətdə kəskin qiymət düzəlişləri mümkündür. Bu baxımdan qızılın əsas üstünlüyü daha çox gəlirliliyin artmasından deyil, risklərin azaldılmasından və sərmayənin dəyərinin qorunmasından irəli gəlir.Hazırda qızılın qiymətindəki artımın investorlar üçün cəlbedici olmasının səbəbləri nədir və bu meylin gələcəkdə davam edəcəyini proqnozlaşdırırsınızmı?Qızılın bahalaşmasının investorlar üçün cəlbedici görünməsi bir neçə qlobal amilin eyni vaxtda təsiri ilə izah olunur. Geosiyasi gərginliklərin, risklərin və resessiya gözləntilərinin artdığı dövrlərdə investorlar adətən daha etibarlı hesab etdikləri aktivlərə üstünlük verirlər. Eyni zamanda faiz dərəcələrinin və real gəlirliliyin azalması şəraitində qızılın dividend gəliri formalaşdırmaması daha az mənfi amil kimi qiymətləndirilir və onu portfeldə saxlamağın alternativ dəyəri aşağı düşür.Bundan əlavə, mərkəzi bankların qızıl alışları bazarda dayanıqlı tələbi gücləndirə bilər. ETF və investisiya fondlarına yönələn vəsait axınları isə alış fəallığını artıraraq qiymət hərəkətini sürətləndirir; qiymət yüksəlişi fonunda yeni alıcıların bazara daxil olması artımı qısa müddətdə daha da gücləndirə bilir. Bu meylin davamı şərtlərdən asılıdır və onu ssenari yanaşması ilə qiymətləndirmək daha məqsədəuyğundur: geosiyasi risklər və iqtisadi qeyri-müəyyənlik yüksək səviyyədə qaldığı təqdirdə qızıla tələb və qiymətə dəstək davam edə bilər; əks halda, real faizlər yenidən yüksələr və bazarda riskə meyillilik bərpa olunarsa, qızılın qiyməti geri çəkilə və ya müəyyən müddət üfüqi hərəkət trayektoriyasına keçə bilər.Ümumiyyətlə, qızıl yaxın gələcək üçün investisiya aləti kimi nə qədər etibarlı sayılmağa davam edə bilər?

Qızılı yaxın gələcək üçün “etibarlı” investisiya aləti hesab etmək mümkündür, lakin bu, onu hansı məqsədlə əldə etməyinizdən asılıdır. Portfeli qoruma və diversifikasiya məqsədilə istifadə edildikdə qızıl adətən faydalı və etibarlı rol oynayır, burada məqsəd bütün vəsaiti qızıla yönəltmək deyil, onu portfeldə balans yaradan alət kimi saxlamaqdır. Qısa müddətdə stabil qazanc hədəfləndikdə isə qızıl hər zaman etibarlı seçim sayılmaya bilər, çünki qiymət dalğalanması yüksəkdir və yüksəlişdən sonra sürətli enişlər (korreksiyalar) mümkündür. Orta–uzun müddətli yanaşmada qızıl inflyasiya, risk və qeyri-müəyyənlik fonunda portfelin ümumi riskinin azalmasına kömək etsə də, qızılın da həmişə yüksələn investisiya aləti olmadığı nəzərə alınmalıdır.

Избранный
52
metbuat.az

1Источники