RU

Azərbaycanda distant təhsil gözləntiləri doğrultdumu? İllərdir metodika var, biz isə...

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Pandemiya dövründə təhsilin məcburi şəkildə məsafədən təşkil olunması bir daha göstərdi ki, rəqəmsal imkanlar genişlənməsinə baxmayaraq, texnoloji bərabərsizlik hələ də cəmiyyətlərin əsas çağırışlarından biridir.

İnternetə çıxışı zəif olan, cihazı olmayan və ya rəqəmsal bacarıqları məhdud şagirdlər bu prosesdə daha çox geri qaldı. Digər tərəfdən, distant təhsil yeni öyrənmə modelləri, interaktiv platformalar və fərdiləşdirilmiş tədris imkanları ilə təhsildə innovasiyalara da yol açdı.

Bu baxımdan məhz texnologiyanın tətbiqi həm mövcud bərabərsizliyi dərinləşdirə, həm də düzgün strategiyalarla onu azalda bilər.

Distant təhsil sosial və texnoloji bərabərsizliyi hansı mexanizmlərlə artırır və ya əksinə, hansı şərtlərdə onların aradan qaldırılmasına töhfə verə bilər? Təhsil sistemi rəqəmsal uçurumu azaltmaq üçün hansı innovativ metodları və alternativ modelləri tətbiq etməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, pandemiya dövründə tətbiq edilən təhsil modeli tam şəkildə distant təhsil deyildi:

"Pandemiyanın sürətlə dünyaya yayılması fonunda Azərbaycan bu prosesə ən operativ reaksiya verən ölkələrdən biri oldu və rəsmi Bakı 13-cü ölkə kimi məktəblərdə ənənəvi dərs formatını distant təhsil ilə əvəzlədi. Lakin bütün bunlara baxmayaraq, həmin dövrədək ölkəmizdə distant təhsillə bağlı nə praktik, nə də metodiki bir ənənə mövcud idi".

Onun sözlərinə görə, Azərbaycan distant təhsilin dünya təcrübəsində tətbiq olunan metodikasını tam şəkildə mənimsəyə və tətbiq edə bilmədi: 

"Sadəcə texniki imkanlarla bağlı problemlər mövcud olsa da, bunlar məsələnin yalnız görünən hissəsi idi. Təhsilin mahiyyəti, pedaqoji məqsədləri, psixoloji uyarlılıq kimi daha dərin aspektlər isə diqqətdən kənarda qaldı".

Həmsöhbətimiz qeyd edib ki, bu gün distant təhsil deyəndə sadəcə monitorun qarşısında müəllim və digər tərəfdə şagirdin dayanması, müəllimin dərsi danışıb bitirməsi nəzərdə tutulmamalıdır:

"Distant təhsilin son dərəcə geniş, çoxşaxəli və mürəkkəb metodikası var. Xatırlayıram, bu mövzuda xarici ədəbiyyatdan əldə etdiyim 700 səhifəyə yaxın bir kitabda elə incə məqamlara yer verilmişdi ki, insan distant təhsilin əslində nə qədər dərin yanaşma tələb etdiyini gördükcə təəccüblənirdi".

Elmin Nurinin fikrincə, distant dərslərin necə keçirilməsi, şagirdə hansı dəqiqədə fasilə verilməli olduğu və bunun psixoloji əsasları, mövzuda diqqət və fokuslanmanı artırmaq üçün istifadə ediləcək vasitələr, interaktiv yanaşmalar kimi son dərəcə incə detallar mövcuddur. Biz isə bütün bunlardan xəbərsiz idik. Əsas problemlər də məhz buradan qaynaqlanır.

Elmin Nuri:  Texniki problemlərin aradan qalxması distant təhsilin uğurlu olması demək deyil

"Hazırda şagird sayı az olan məktəblərdə bəzi fənlərin həftədə bir dəfə distant formada tədris ediləcəyi bildirilir. Bu isə o deməkdir ki, təhsil sistemi paralel olaraq həm əyani, həm də distant modeli tətbiq etməli olacaq. Amma sual budur: biz distant təhsil üçün düzgün tədris modelini müəyyən etmişikmi?",- deyə ekspert bildirib.

Müsahibimiz onu da əlavə edib ki, texniki problemlərin aradan qalxması distant təhsilin uğurlu olması demək deyil. Əgər sabah yüksək sürətli internet hər yerdə təmin olunsa belə, distant dərslər avtomatik şəkildə effektiv olmayacaq. Çünki texniki imkanlar məsələni maksimum 20% həll edir. Qalan 80% distant təhsilin düzgün metodika əsasında qurulmasından asılıdır:

"Bunun üçün müəllimlərə xüsusi təlimlər keçirilməli, tövsiyə xarakterli kitabçalar və broşuralar hazırlanıb məktəblərə göndərilməli, xarici təcrübə öyrənilməli, peşəkar mütəxəssislərin iştirakı ilə praktiki forum və konfranslar təşkil edilməlidir. Ancaq bu halda biz distant təhsildə real nəticə əldə edə, yerli mütəxəssisləri formalaşdıra və modeli təkmilləşdirə bilərik. Əks halda, distant təhsildən gözlənilən faydanı əldə etməyəcəyik".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
67
bakivaxti.az

1Источники