RU

Polis əməliyyat keçirdi -

Sosial şəbəkədə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərən və bu yolla çoxsaylı onlayn dələduzluqlar etməkdə şübhəli bilinən şəxs həbs olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-texniki tədbirlərlə qanunsuz əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş, 23 yaşlı Zaur Teymurxanov saxlanılıb.

Müəyyən edilib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya "bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı" barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib.

Z.Teymurxanov zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş "OTP" təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsaiti ələ keçirib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Z.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Избранный
28
49
metbuat.az

10Источники