RU

Deputat: “Azərbaycanda Cənubi azərbaycanlılara dəstəklə bağlı mitinqin keçirilməsi o qədər məqbul addım hesab edilə bilməz”

“Azərbaycanda Cənubi azərbaycanlılara dəstəklə bağlı mitinqin keçirilməsi o qədər məqbul addım hesab edilə bilməz. Nəticə etibarilə, bu, yerli dinamiklərin, yerli sosiologiyanın davranışlarına kənardan müdaxilə hesab oluna,  hadisələri təbii məcrasından çıxara bilər. "Yerli sosiologiya" deyən zaman İranda yaşayan 35-40 milyondan çox azərbaycanlının mövqeyini nəzərdə tuturam. Çünki bizimlə birbaşa əlaqədar olsa da, onların nə cür qərarlar qəbul edəcəkləri daha çox onların gələcəyini təyin edəcək ki, bu da bizim ortaq gələcəyimiz olar. Əminəm ki, Cənubda yaşayan soydaşlarımız ən doğru zamanda ən doğru qərarları qəbul edəcəklər. Buna görə də Azərbaycanda hər hansı mitinqin keçirilməsi yaxşı seçim olmaya bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, İranda baş verən hadisələr Azərbaycana birbaşa təsir göstərir: “Nəticə etibarilə, hadisələr coğrafiya olaraq İranda baş versə də, milli mənsubiyyət kontekstində Azərbaycan xalqının həyatında baş verən hadisələrdir. Biz bunu bu cür görməliyik. Hər bir azərbaycanlı qəlbən İrandakı hadisələrin daha az itki ilə tez bir zamanda başa çatmasını və orada yaşayan soydaşlarımızın rifaha, sabitliyə qovuşmasını arzu edir. Bu bizim arzularımız olsa belə, baş verən real hadisələr və bu kontekstdə atılacaq konkret addımlar olur. Burada siyasi-ideoloji reallığı nəzərə alaraq, əlbəttə ki, atılacaq addımlar və veriləcək qərarlar buna uyğun olmalıdır. İranda baş verənlər sırf hüquqi müstəvidə başqa ölkənin daxili işləri kimi qiymətləndirilərsə, o zaman bizim hadisələrə müdaxilə etmək imkanlarımız məhduddur. Demək olar, yox dərəcəsindədir”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Yanvar 2026, 14:32   
Избранный
481
pravda.az

1Источники