ABŞ prezidenti Donald Tramp son günlər İranda baş verən kütləvi etirazlarla bağlı verdiyi bəyanatlarla diqqət mərkəzinə düşsə də, bu açıqlamaların arxasında hələlik real addımlar görünmür. Tramp çərşənbə axşamı həm Truth Social platformasında, həm də Detroytda “Ford” zavoduna səfəri zamanı “İranda etirazçılara yardım artıq yoldadır” deyə bəyan edib, çıxışını isə “İranı yenidən böyük edək!” şüarı ilə tamamlayıb.
NOCOMMENT.az xəbər verir ki, bundan bir gün sonra prezident CBS News-a müsahibəsində İran hakimiyyəti etirazçılara qarşı zorakılığı davam etdirərsə, ABŞ-ın “çox sərt addımlar atacağını” bildirib. Lakin bu açıqlamalardan sonra konkret hərbi və ya siyasi tədbirlər görülməyib.
Vaşinqtonun indiyədək atdığı yeganə addım İranla ticarəti davam etdirən ölkələrə qarşı 25 faizlik rüsumların tətbiqi və Tehrana qarşı danışıqların bu şəraitdə mümkünsüzlüyü ilə bağlı bəyanat olub. Trampın “əgər İran etirazçılara atəş açsa, biz də cavab verəcəyik” xəbərdarlığı isə real addımlarla müşayiət olunmayıb.
ABŞ administrasiyasında son günlər İrana qarşı mümkün hərbi variantların müzakirə edildiyi bildirilsə də, hərbi ekspertlər bu imkanların ciddi şəkildə məhdud olduğunu vurğulayırlar. ABŞ Mərkəzi Komandanlığının Hərbi Dəniz Qüvvələrinə vaxtilə rəhbərlik etmiş ehtiyatda olan vitse-admiral Con Millerin sözlərinə görə, Vaşinqtonun İranı qısa müddətdə dənizdən vurmaq üçün kifayət qədər operativ imkanları yoxdur. Onun sözlərinə görə, ötən ilin yayında İranın nüvə obyektlərinə endirilən zərbələr zamanı da əsasən ABŞ ərazisindən qalxan təyyarələrdən istifadə olunmuşdu.
Bu məhdudiyyətlərin əsas səbəblərindən biri ABŞ-ın əsas hərbi dəniz qüvvələrinin Karib hövzəsinə yönəldilməsidir. Venesuelada Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatdan sonra “Cənub qamçısı” əməliyyatı hələ də davam edir və Trampın göstərişi ilə ABŞ hərbi donanması bölgədə bir neçə ay qalacaq.
Nəticədə Yaxın Şərqdə ABŞ-ın cəmi 6 hərbi gəmisi qalıb, onların da imkanları genişmiqyaslı əməliyyatlar üçün kifayət etmir. Üstəlik, ABŞ-ın bölgədə İranın mümkün raket hücumlarından müdafiə olunmaq üçün yetərli hava hücumundan müdafiə sistemləri də yoxdur.
Buna baxmayaraq, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn İrana qarşı zərbə imkanlarının tam tükənmədiyini düşünür. O, ötən ilin iyununda ABŞ-dan havaya qalxaraq 36 saat ərzində İran ərazisinə çatan B-2 “stealth” bombardmançılarının potensialını xatırladır.
Çərşənbə axşamı ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio İrana qarşı bütün mümkün ssenariləri müzakirə etsələr də, bu görüşdə Trampın özü iştirak etməyib.
Müşahidəçilərin fikrincə, Trampın tərəddüdündə siyasi faktorlar da mühüm rol oynayır. Körfəz ölkələri ABŞ prezidentini İrana qarşı raket zərbələrindən çəkinməyə çağırır, bunun ayətullahlar rejimi ətrafında ən radikal qüvvələri birləşdirəcəyindən ehtiyat edirlər. Digər tərəfdən, Tramp Konqresdəki MAGA qanadında parçalanma riskindən də çəkinir. Xüsusilə Taker Karlson, Stiv Bennon kimi “America First” tərəfdarları hərbi müdaxiləyə açıq şəkildə qarşıdırlar.
Bütün bunlara psixoloji amil də əlavə olunur. İranda mümkün uğursuzluq Trampın Venesueladakı “parlaq qələbəsinin” təsirini kölgədə qoya bilər. Üstəlik, ABŞ siyasi elitasında hələ də 1979-cu ildə Cimmi Karterin İranda yaşadığı fiaskonun yaratdığı “İran sindromu”nun izləri qalır.
Buna baxmayaraq, Tramp artıq verdiyi yüksək səslə vədlərdən geri çəkilə bilmir. Lakin “yolda olan yardımın” nə qədər davam edəcəyi və İran xalqını hara aparacağı hələ ki, naməlum olaraq qalır.
Əli Səfərli,
NOCOMMENT.az