Ajans.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen bildirib. "Biz hesab edirik ki, bu qrup Danimarka Krallığının "qırmızı xətləri"nə hörmət etməklə yanaşı, ABŞ-nin təhlükəsizlik problemlərinin həlli yollarının tapılmasına diqqət yetirməlidir. Gözləyirik ki, qrup ilk iclasını bir neçə həftə ərzində keçirəcək", - deyə o bildirib. Eyni zamanda, nazir qeyd edib ki, Danimarka və Qrenlandiyanın ərazi bütövlüyünün pozulması tamamilə qəbuledilməz olardı: "Lakin biz ABŞ-ni Qrenlandiyaya sahib olmaq istəyindən əl çəkməyə inandıra bilmədik. Ada hazırda və yaxın gələcəkdə Danimarka Krallığının tərkibində qalacaq". Rasmussen həmçinin ABŞ-nin Qrenlandiya yaxınlığında Çin Xalq Respublikasının (ÇXR) hərbi mövcudluğu ilə bağlı iddialarını təkzib edərək dənizdə belə bir halın 10 il əvvəl müşahidə olunduğunu bildirib. O qeyd edib ki, Danimarka və Qrenlandiya ABŞ-nin adanın təhlükəsizliyi ilə bağlı istənilən sorğusuna konstruktiv şəkildə baxmağa hazırdır. "1951-ci il müdafiə müqaviləsinə əsasən, ABŞ-nin artıq Qrenlandiyaya geniş hərbi çıxışı var və onlar hər zaman adadakı mövcudluğunu artırmaq üçün müraciət edə bilərlər. Bu səbəbdən ABŞ-nin hər hansı əlavə sorğusunun olub-olmadığını eşitmək istərdik. Bu baxımdan, biz hər hansı belə bir sorğuya konstruktiv şəkildə baxacağıq", - deyə o bildirib.