RU

İranın məhkəmə hakimiyyətinin rəhbəri etirazçılara qarşı edamların tətbiqinə çağırıb

Rəsmi Tehranın etiraz aksiyalarında saxlanılan şəxslər barədə sürətli məhkəmə və sərt cəzalar tələb etdiyi bildirilir...

İranda etiraz aksiyaları zamanı saxlanılan şübhəlilər barəsində sürətli məhkəmə prosesləri keçirilməli və edam hökmləri icra olunmalıdır.

Poliqon xəbər verir ki,bu barədə ölkənin məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Mohseni-Ecei Associated Press Agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hakimiyyət sabitliyi bərpa etmək niyyətindədirsə, bunu dərhal və qısa müddətdə həyata keçirməlidir. Mohseni-Ecei qeyd edib ki, məhkəmə proseslərinin iki-üç ay uzadılması tamamilə fərqli nəticələrə gətirib çıxara bilər və hökumətin məqsədlərinə zidd olar.

İran dövlət televiziyası tərəfindən yayımlanan bu bəyanat ABŞ prezidenti Donald Trampın etirazçıların öldürülməsinə görə İrana qarşı hərbi zərbə endirə biləcəyi ilə bağlı hədələrinə baxmayaraq səsləndirilib. Reuters agentliyinin daha əvvəl yaydığı məlumata görə, etirazların zorakılıqla dağıdılması zamanı təxminən 2,6 min nəfər həlak olub. Ölənlər arasında təhlükəsizlik qüvvələrinin əməkdaşlarının da olduğu bildirilir.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən ilin 28 dekabrında Tehranda başlayıb və qısa müddət ərzində ölkənin digər iri şəhərlərinə yayılıb. Etirazlara əsas səbəb milli valyutanın kəskin şəkildə dəyərdən düşməsi olub. İran hakimiyyəti baş verənlərdə ABŞ və İsraili ittiham edərək, aksiyaların təşkili və qızışdırılmasında onların rol oynadığını, həmçinin şəhər küçələrinə terrorçuların göndərildiyini iddia edib.

Çərşənbə günü Tehran mümkün preventiv zərbəyə hazırlaşdığını açıqladıqdan sonra ABŞ Müdafiə Nazirliyi Pentaqon Qətərdə yerləşən əsas Yaxın Şərq hərbi bazasındakı personalına axşamadək evakuasiya olunmağı tövsiyə edib. Analitiklər hesab edirlər ki, İran ətrafında artan gərginlik regionda genişmiqyaslı eskalasiya riskini ciddi şəkildə yüksəldir.

Poliqon.info

Избранный
134
poliqon.info

1Источники