RU

Gürcü politoloq: TRIPP Cənubi Qafqaz üçün strateji yolun başlanğıcıdır ŞƏRH

Bakı, 15 yanvar, Səbinə Əlizadə, AZƏRTAC

TRIPP layihəsindən danışarkən onu yalnız ayrıca bir nəqliyyat təşəbbüsü kimi deyil, Cənubi Qafqaz ölkələri qarşısında dayanan daha genişmiqyaslı strateji vəzifənin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin regional proqramlar üzrə direktoru politoloq Gela Vasadze bildirib.

Onun sözlərinə görə, söhbət Cənubi Qafqazın vahid geoiqtisadi, perspektivdə isə geosiyasi məkan kimi formalaşmasından gedir: “Bu məkan elə qurulmalıdır ki, region ölkələri qlobal müsbət çağırışlara cavab verə bilsin və eyni zamanda, mənfi ssenarilərin, yəni Cənubi Qafqaz dövlətlərinin dünya və regional güc mərkəzlərinin qarşıdurmasında “proksi” alətinə çevrilməsi cəhdlərinin qarşısını ala bilsin”.

Gela Vasadzenin sözlərinə görə, bu məqsəd qısa müddətdə əldə edilə biləcək nəticə deyil, lakin istənilən strateji proses ilk addımdan başlayır ki, məhz TRIPP layihəsi bu baxımdan ilk və prinsipial addımdır.

O qeyd edib ki, simvolik çəkisinə görə TRIPP bu gün Bakı-Tbilisi-Ceyhan layihəsi ilə müqayisə oluna bilər. Məhz BTC boru kəməri vaxtilə Gürcüstanın və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dayanıqlı inkişafında təməl rol oynamışdı.

Politoloqun fikrincə, TRIPP yalnız Qərbi Zəngəzurla Naxçıvan arasında nəqliyyat bağlantısı demək deyil. Bu layihənin icrası Ermənistanın Azərbaycan və Türkiyə ilə nəqliyyat kommunikasiyalarının açılması üçün əsas şərtdir. Eyni zamanda, Ermənistanın İranla dəmir yolu əlaqələrinin bərpası baxımından da mühüm əhəmiyyət daşıyır. TRIPP-in həyata keçirilməsi Gürcüstan üçün də yeni strateji imkanlar yaradır: “Bu, Gürcüstanın Cənub-Qərb nəqliyyat marşrutuna qoşulması ilə İranın “Bəndər-Abbas”, “Çabahar” limanlarından Azərbaycan və Ermənistan ərazilərindən keçməklə Gürcüstan limanlarına, oradan isə Avropaya çıxış əldə etmək deməkdir. Burada əsas mühüm məqam isə regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu proses Cənubi Qafqazın hər üç ölkəsinin inkişafına güclü təkan verəcək və regionda davamlı, möhkəm sülhün formalaşması üçün real zəmin yaradacaq”.

Gela Vasadze deyib ki, qarşıda böyük işlər dayanır, lakin əsas məsələ prosesə başlanılmasıdır. İstənilən yol ilk addımla başlayır. Bu baxımdan TRIPP layihəsi Cənubi Qafqaz üçün strateji yolun başlanğıcıdır və bu yolu gedən mütləq nəticəyə çatacaq.

Избранный
136
azertag.az

1Источники