ain.az bildirir, Bizimyol portalına istinadən.
Kembric Universitetinin tədqiqatçıları qan hüceyrələrində təhlükəli dəyişiklikləri təcrübəli hematoloqlardan daha yüksək dəqiqliklə müəyyən edə bilən "CytoDiffusion" adlı süni intellekt (Sİ) sistemi hazırlayıblar. Yeni Sİ adi mikroskopik analiz zamanı çox vaxt nəzərdən qaçan leykoz və digər ağır xəstəliklərin erkən əlamətlərini aşkar edə bilir.
Bizimyol.info xəbər verir ki, tədqiqatın nəticələri "Nature Machine Intelligence" elmi jurnalında dərc olunub.
"CytoDiffusion" qan hüceyrələrinin forma və quruluşunu "DALL-E" kimi təsvir generasiya edən modellərdə istifadə olunan texnologiyalara bənzər üsullarla təhlil edir. Sistem bir yaxmada minlərlə hüceyrəni avtomatik yoxlayır, tipik halları çeşidləyir və bütün anomal nümunələri həkimin əlavə araşdırması üçün seçib ayırır.
Ənənəvi diaqnostik alətlərdən fərqli olaraq, bu süni intellekt təkcə açıq-aşkar qanunauyğunluqları deyil, həm də hüceyrələrdəki çox incə vizual fərqləri nəzərə alır. Modelin öyrədilməsi üçün alimlər dünyanın ən böyük məlumat bazasından — 500 mindən çox qan yaxması görüntüsündən istifadə ediblər. Bu isə sistemin müxtəlif tibb müəssisələrində tətbiq olunan avadanlıq və boyama üsulları arasındakı fərqlərə qarşı davamlı olmasını təmin edib.
Sınaqlar zamanı "CytoDiffusion" mövcud sistemlərlə müqayisədə leykoz hüceyrələrinin aşkarlanmasında xeyli yüksək həssaslıq nümayiş etdirib. Tədqiqatın birinci müəllifi Saymon Deltadal bildirib ki, alqoritm bəzən analoji sistemləri geridə qoyur və bununla yanaşı, öyrədilmə üçün daha az həcmdə məlumat tələb edir. Əsas üstünlüklərdən biri də Sİ-nin hər bir nəticə üzrə özünəinam səviyyəsini qiymətləndirə bilməsidir.
Bundan əlavə, sistem özünəməxsus “Türrinq testindən” də uğurla keçib: süni intellekt tərəfindən yaradılmış sintetik hüceyrə görüntülərini on təcrübəli hematoloq real şəkillərdən fərqləndirə bilməyib.
Möhtəşəm nəticələrə baxmayaraq, tərtibatçılar vurğulayırlar ki, "CytoDiffusion" həkimləri əvəz etmək üçün nəzərdə tutulmayıb. Onun məqsədi rutin nümunələrin analizini sürətləndirən və potensial təhlükəli halların tez aşkarlanmasına kömək edən dəstək aləti olmaqdır.
Gələcəkdə komanda sistemin işləmə sürətini artırmağı və onun effektivliyini daha müxtəlif pasiyent qrupları üzərində sınaqdan keçirməyi planlaşdırır. Həmçinin alimlər yarım milyon qan yaxması görüntüsündən ibarət unikal məlumat bazasını açıq istifadəyə veriblər. Onların fikrincə, bu addım yeni süni intellekt modellərinin inkişafına və qan xəstəliklərinin diaqnostikasının daha da təkmilləşdirilməsinə kömək edəcək.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.