RU

4 erməninin İrəvana verilməsinin pərdəarxası – Üç sensasion ssenari

Bakıda cəza çəkən 4 erməninin Ermənistana təhvil verilməsi ciddi müzakirəyə səbəb olub. Belə ki, məsələyə ilk növbədə Vaqif Xaçatryanın səhhətində yaranan ciddi problemlər prizmasından yanaşılır və Azərbaycan tərəfinin onun həbsxanada ölməsini istəmədiyi vurğulanır. Eyni zamanda deyilir ki, Ermənistanın 2020-ci ildə Azərbaycan tərəfində döyüşdüyünü iddia edərək əsir götürdüyü iki nəfəri Suriyaya təhvil verməsi prosesə qarşılıqlı addımlar kontekstində baxılmasına səbəb olur. Düzdür, bu, hələlik təsdiqlənməyib. Paralel olaraq, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın bu 4 nəfərin əvəzində Bakıya təhvil verilə biləcəyi ilə bağlı ehtimallar da müzakirə olunur.

Globalinfo.az-a danışan deputat Vüqar İskəndərov deyib ki, bu qərar Azərbaycan tərəfinin beynəlxalq humanitar hüquqa, Cenevrə konvensiyalarına və ümumilikdə beynəlxalq hüququn prinsiplərinə hörmətinin bariz nümunəsidir:

“Bu addım eyni zamanda qarşılıqlı etimadın formalaşdırılmasına xidmət edir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, hərbi qələbə qazanmasına baxmayaraq, məğlub tərəfə sülh əlini uzadır və real, dayanıqlı sülhün əldə olunması üçün konkret addımlar atır. Həmin şəxslərin təhvil verilməsi bölgədə uzunmüddətli sülhün təmin olunmasına, eləcə də Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinin möhkəmləndirilməsinə yönəlmiş siyasətin tərkib hissəsidir. Azərbaycan bu istiqamətdə daha əvvəl də humanitar və konstruktiv mövqe nümayiş etdirib. Ermənistana Rusiyadan gələn taxılın ötürülməsi, eləcə də yanacaqla təminat bu yanaşmanın real nümunələridir. Təbii ki, Azərbaycan bu addımların qarşılığında Ermənistan tərəfindən də rasional və məsuliyyətli davranış gözləyir.

Hazırda etimad quruculuğu çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında Bakı və İrəvanda keçirilən görüşlər, zərurət yarandıqda müvafiq dövlət qurumları arasında aparılan təmaslar, eləcə də beynəlxalq tədbirlər çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında baş tutan görüşlər ikitərəfli sülh müqaviləsinin imzalanmasına doğru irəliləyişin göstəricisidir”.

4

Vüqar İskəndərov

Deputat bildirib ki, Vaqif Xaçatryanın səhhətində ciddi problemlərin olması, onun yaşlı və ağır xəstə olması da humanitar baxımdan nəzərə alınan amillərdən biridir:

“Bu qərar Azərbaycanın humanitar dəyərlərə verdiyi önəmi bir daha təsdiqləyir. Digər şəxslər isə ağır cinayətlərdə iştirak etməsələr də, Azərbaycan məhkəməsi qarşısında məsuliyyət daşıyan və əfv olunmaq niyyəti olan şəxslərdir. Onların da Ermənistana təhvil verilməsi humanitar yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu prosesdə hər hansı siyasi manipulyativ məqsədlərdən söhbət gedə bilməz. Söhbət iki ölkə arasında münasibətlərin tənzimlənməsi və sülhə xidmət edən qarşılıqlı addımlardan gedir. Bu mənada Azərbaycan tərəfinin göstərdiyi bu jestlərə Ermənistanın da adekvat və konstruktiv cavab verməsi vacibdir. Hazırkı proseslər göstərir ki, bu istiqamətdə müəyyən irəliləyiş mövcuddur”.

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Azərbaycan böyük ideallar əsasında hərəkət edir:

“Həbs olunan şəxslərin Ermənistana təhvil verilməsinə mən də mənfi yanaşıram, çünki onlar cinayət törətmiş şəxslərdir və cəzalarını çəkməlidirlər. Lakin mövcud qlobal vəziyyət göstərir ki, tarixi fürsəti əldən vermək olmaz və Ermənistanla sülh müqaviləsinin imzalanması zəruridir. Bu məsələ həm də strateji əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu müharibədən artıq qalib tərəf kimi çıxıb. Müharibənin nəticələrinin verdiyi üstünlüyü fərdi məsələlər üzərindən quraraq revanşizmə yönəltmək düzgün olmaz. Tarixi unutmaq olmaz, şəhidlərin xatirəsi heç vaxt unudulmamalıdır. Amma eyni zamanda gələcəyə yönəlmək və keçmişin bir sıra ağır səhifələrindən uzaqlaşmaq da vacibdir”.

4

Əziz Əlibəyli

Ekspert bildirib ki, bu gün dünyada sülh münasibətlərinin pisləşdiyi bir şəraitdə qlobal sülh indeksləri, beyin mərkəzləri və universitetlərin araşdırmalarında sülh quruculuğu sahəsində müsbət nümunə kimi Azərbaycan önə çəkilir:

“Beynəlxalq hüququn zəiflədiyi, dövlətlərin bir-birinə qarşı açıq ərazi iddiaları irəli sürdüyü bir dövrdə Azərbaycan təcrübəsi beynəlxalq tədqiqatların mərkəzi obyektinə çevrilir. Məhz buna görə də Azərbaycan bu yanaşmanı qlobal, regional və dövlətlərarası siyasətdə uğurlu bir modelə çevirməyi bacarmalıdır. Nəticə etibarilə, ölkəmiz strateji maraqlarını və uzunmüddətli sülh hədəflərini üstün tutaraq, regional sabitliyin təmin olunması naminə həmin dörd erməninin təhvil verilməsi qərarını qəbul edib”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında razılığa əsasən Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.

Избранный
52
editor.az

1Источники