RU

Burda hər kəs susur, qərənfillər danışır- FOTOREPORTAJ

Bakı, 15 yanvar, AZƏRTAC

...Hər şey bir gecənin içində dəyişdi. O gecəyədək qərənfil adi güllərdən biri idi. O gecəyədək əllərdə xoş məramla toya, ziyafətə, görüşə aparılan qərənfil matəm çiçəyinə, kədər və hüzn simvoluna çevrildi. Xalqımızın günahsız oğul və qızlarının, şəhərin dinc sakinlərinin qanına qəltan edildiyi səki, küçə və meydanlar, qan izlərinin “çiçək açdığı” hər yer qırmızı qərənfil dənizində üzürdü. Gülləbaran edilmiş günahsız körpə, qadın, uşaq və dinc sakinlərin qanı axıdılan hər səkiyə, hər küçəyə qırmızı qərənfillər düzüldü. O gündən qərənfillər şəhid qanının rəmzi kimi qəbul edildi...

Şair ürəyindən qopan yanğılı misralar həmin gecənin matəm hüznünə çevrildi:

Bu günahsız qanlara,

Bu didilmiş canlara,

Bu cansız cavanlara

Ağla, qərənfil, ağla!

1990-ci ilin qanlı yanvar gecəsi sinələrini zirehli tankların, dəmir texnikaların qabağına verənlər xalqımızın azadlığı və suverenliyi uğrunda mübarizənin ilk şəhidləri oldular. Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bu torpağın üzərində azad və xoşbəxt yaşayan hər kəs üçün əzizdir. Aradan 36 il vaxt keçsə də, xalqımız hər il müqəddəs yolda şəhid olanlara yas saxlayır, onların unudulmaz xatirəsini kədər və hüznlə anır.

Bu münasibətlə doğma Bakının ən hündür nöqtələrindən birində yerləşən müqəddəs Şəhidlər xiyabanında hazırlıq işləri görülür. Bu münasibətlə qırmızı qərənfillərdən don geyinən Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri aparılır: işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Bundan başqa ağacların budaqları budanıb, ot örtüyü yenilənib, yeni gül və kollar əkilib.

Bu gün azadlıq yolunun ilk şəhidlərinin arzuları çiçək açıb. Azərbaycan müstəqil dövlətdir, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Ölkəmizin hər yerində üçrəngli Azərbaycan bayrağı dalğalanır. Uzun illərin həsrətindən sonra Qarabağa və Şərqi Zəngəzura qayıdan sakinlərin yeni həyatı başlayıb. 20 Yanvar indi matəm və hüzn günü olmaqla yanaşı, həm də hünər və qəhrəmanlıq tarixi kimi qeyd edilir. O vaxt onların ürəklərində tutduğu müqəddəs arzular Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm Zəfərdən sonra gerçəkliyə çevrildi. Bu gün başımız üstündə dalğalanan bayrağa, qovuşduğumuz müstəqilliyə, tam və suveren ərazilərə, doğma sakinlərini qoynuna alan torpağımıza, səsi dünyanın uca kürsülərindən gələn müasir Azərbaycana görə onlara borcluyuq.

Şəhidlər xiyabanına, ona doğru aparan yollara, küçələrə qırmızı qərənfillərdən don biçilir. Ətraf ərazilərdə hər yerdə qanlı şənbə gecəsinin qurbanlarının əziz xatirəsini yad etməyə gələn ziyarətçilərin rahatlığı üçün hazırlıq və səliqə-sahman işləri aparılır. Bakı azadlıq yolunun ilk qurbanlarını yad etməyə hazırlaşır.

Избранный
131
azertag.az

1Источники