
2026-cı ilin 14 yanvar tarixində Mingəçevir Dövlət Universiteti və “Techera”nin birgə təşkilatçılığı ilə Mingəçevir şəhəri, Zərdab, Kürdəmir, Ucar, Ağdaş, Göyçay və Yevlax rayonlarının məktəblilərinini əhatə edən Regional Riyaziyyat Olimpiadasının Mingəçevir şəhəri üzrə imtahanları keçirilib.
Olimpiadanın əsas məqsədi regionda istedadlı və bilikli şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını üzə çıxarmaq, eləcə də şagirdlər arasında sağlam və motivasiyaedici rəqabət mühiti formalaşdırmaqdır. Yarışma gənclərin məntiqi təfəkkürünü, analitik düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə xidmət edir.
Olimpiadada regionun ümumtəhsil məktəblərindən olan istedadlı şagirdlər iştirak edir. Onlar müxtəlif çətinlik səviyyəli riyazi tapşırıqlar vasitəsilə biliklərini sınayır, öz bacarıqlarını nümayiş etdirirlər. Olimpiadanın növbəti imtahanlarında idarənin tabeliyində olan digər rayonların şagirdləri də iştirak edəcəklər.
Olimpiada eyni zamanda şagirdlərin respublika olimpiadalarına məqsədyönlü hazırlığı üçün mühüm stimul rolunu oynayır. Yeddi rayonu əhatə edən bu layihə təhsildə əməkdaşlığın gücləndirilməsinə, regionlararası elmi və intellektual əlaqələrin inkişafına xidmət edir.
Yekununda yüksək nəticə göstərən şagirdlər sertifikat və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
Qeyd edək ki, keçirilən intellektual yarış regionun təhsil potensialını nümayiş etdirməklə yanaşı, gənclərin bilik və bacarıqlarının düzgün istiqamətləndirilməsində mühüm töhfə verəcək.
