RU

“Mən komandadan ötən il ayrılmışam” – “Karvan-Yevlax”ın srağagün vidalaşdığı məşqçidən şok açıqlama

“Karvan-Yevlax” srağagün məşqçilər korpusunda iki ayrılıq yaşandığını açıqladı. Bəlli oldu ki, bölgə təmsilçisi köməkçi məşqçi Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədovla bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Zaur bəylə bağlı durum göz önündədi. O, bundan sonra 2-ci liqa klubu “Xankəndi”nin baş məşqçisi olacaq. Bəs, Hüseyn bəyin hansı planları var? Ən əsası, sabiq baş məşqçi Azər Həşimovla kompensasiya davasına düşən “Karvan-Yevlax” bu məşqçilərlə necə dil tapa bildi?

Sualları Hüseyn bəyə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Məni “Karvan-Yevlax”a Kənan Kərimov dəvət etmişdi. Demişdi ki, gəl, bizə kömək et. Həmin ərəfədə mənə UEFA-nın qapıçılar üçün A kateqoriyasının tələblərinə uyğun olaraq hansısa komandada çalışmaq lazım idi. Bu səbəbdən təklifə müsbət cavab verdim. Lakin indi durum dəyişib. Daha doğrusu, “Karvan-Yevlax”ın yeni baş məşqçisi Füzuli Məmmədovdu. Onun öz köməkçiləri var. Düşündüm ki, komandada qalmağım etik qaydalara ziddi. Yəqin ki, mənə ehtiyac olsa, Füzuli Məmmədov mənimlə çalışardı. Ən azı bu barədə söhbət edərdi. Belədə komandadan ayrıldım. Öz istəyimlə getdiyim üçün hansısa kompensasiya tələb etmədim”.
Hüseyn bəy “axı Füzuli Məmmədov noyabrdan “Karvan-Yevlax”da çalışır. Siz niyə etik qaydalara yalnız indi diqqət yetirməyi lazim bildiz?” sualını isə belə cavabladı:
“Mən komandadan ötən il ayrılmışam. Səhv etmirəmsə, qış fasiləsinə hələ 2-3 tur qalmışdı. Sadəcə, “Karvan-Yevlax” bu qərarı srağagün açıqlayıb. Bu, klubun işidi, mənim yox”.
KƏNAN BAHADIR
Избранный
42
football-plus.az

1Источники