RU

Deputat: “Xaçatryan və digər cinayətkarların Ermənistana təhvil verilməsi nəyi necə edəcəyini bilən ölkə rəhbərinin uzaqgörən siyasətinin nəticəsidir”

“Azərbaycan 44 günlük müharibə və ondan sonrakı anti-terror əməliyyatı zamanı torpaqlarını azad etdi, suverenliyini bərpa etdi və Azərbaycan xalqına qarşı müxtəlif cinayət əməlləri törətmiş şəxslərlə bağlı Nürnberq məhkəməsinə bərabər tutulan məhkəmə prosesini həyata keçirərək erməni vandalizminin iç üzünü açan bir dövlət kimi öz xalqının, dövlətinin maraqlarını necə qorunduğunu bütün dünyaya göstərdi, həmçinin ermənilərin uydurduqları "əzabkeş" obrazı imicini darmadağın etdi. Bundan sonrakı mərhələdə dünyada gedən siyasi proseslər fonunda Azərbaycan regionda öz mövqeyini tutdu, geopolitik cəhətdən çalxalanan məkan olan Cənubi Qafqazda müxtəlif istiqamətlərdə addımlar ataraq artıq yeni səhifənin açılmasına nail oldu. Bu səhifə cənab Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji kursa uyğun olaraq fərqli bir zamana, məkana daxil olduğumuz bir vaxtda ölkə siyasətini ən düzgün istiqamətə yönəltməyi bacardı. Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə həbs edilən Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilməsi əslində hər zaman nəyi necə edəcəyini bilən ölkə rəhbərinin uzaqgörən siyasətinin nəticəsidir. Bəzi məsələlər zaman keçdikcə anlaşılır. Düşünürəm ki, Azərbaycan xarici siyasəti çox uğurlu siyasətdir. Biz müəyyən hüquq normalarını siyasi proseslər prizmasından dəyərləndirməliyik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

 

Deputat bildirib ki, Azərbaycanın 30 il ərzində atdığı addımların doğru, düzgün və xalqın maraqlarına uyğun olduğunu sübut etmək üçün azad olunmuş torpaqlarda əvvəlki cənnət-məkan ad-sanına uyğun işlər görülür: “Ölkə rəhbərinin bu istiqamətdə atdığı addımlar hər birimizin qəlbimizdən işğal olunmuş torpaqların ağrı-acısının, alnımızdan qara ləkənin təmizlənməsi istiqamətində atılan addımlar idi. Azərbaycan xalqı öz ad-sanına, tarixi keçmişinə uyğun şəkildə müəyyən addımları xalqın böyüklüyü və liderinin uzaqgörənliyi sayəsində atır. Cinayətkar ermənilərin Ermənistana təhvil verilməsi dünyaya bir mesajdır ki, Azərbaycan xalqı sülh tərəfdarıdır, gündəmi sülh gündəmidir, Azərbaycan Cənubi Qafqazda beynəlxalq hüquq normalarına riayət olunmaqla, bir-birilərinin daxili işlərinə qarışmamaqla, bir-birilərinin ərazi bütövlüyünü təmin etməklə, bütün dünya ölkələri ilə hansı istiqamətdə əməkdaşlıq edirsə, Cənubi Qafqazda olan dövlətlərlə, xalqlarla da əməkdaşlıq etməyə açıqdır”.

 

Aytəkin Qardaşova

Tarix: 16 Yanvar 2026, 10:44   
Избранный
122
pravda.az

1Источники