Yevlax rayonunda silahlı insident baş verib. 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Polis Z.Səmədovu saxlayıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Zaur Səmədov Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun oğludur.
Publika.az oğlu adam güllələyən sabiq icra başçısı ilə bağlı maraqlı məlumatları təqdim edir:
Qoca Səmədov 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub. 1966-1976-cı illərdə M.Ə.Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. 1976-1977-ci illərdə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləyib. 1977-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnib.
1982-ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlayıb. 1982-1984-cü illərdə ordu sıralarında xidmət edib. 1985-1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996-2004-cü illərdə Yevlax rayonundakı “Qafqaz” Kooperativinin sədri işləyib.