Bakı, 16 yanvar, AZƏRTAC
Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Siqh Federasiyası Hindistanda siqhlərə və digər azlıqlara qarşı zorakılıq və ayrı-seçkiliyə qarşı qlobal səviyyədə fəaliyyətə çağırış edib.
AZƏRTAC xəbər verir ki, təşkilatlar “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilmiş beynəlxalq konfransda Hindistanda 1984-cü ildə siqhlərə qarşı törədilən kütləvi zorakılıqları və onilliklər boyu davam edən cəzasızlıq mühitini müzakirə ediblər.
Tədbirdə zorakılıqda iştirak edən siyasətçilərin, polis məmurlarının məsuliyyətə cəlb olunması, sağ qalanlara ədalət və təzminatın təmin edilməsi, şahidlərin qorunması və güclü anti-zorakılıq qanunlarının qəbulu tələb edilib.
BTQ və Beynəlxalq Siqh Federasiyası bütün ölkələri, vətəndaş cəmiyyətlərini və qlobal institutları siqhlərlə həmrəy olmağa çağırıb.