Məşhur ispaniyalı müğənni Xulio İqlesias onun tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını iddia edən iki qadının ittihamlarını rədd edib.
Bu barədə ABC nəşri məlumat yayıb:
"Əvvəllər evimdə işləyən iki şəxsin ittihamlarına dərin təəssüf hissi ilə cavab verirəm. Hər hansı bir qadına qarşı zorakılıq, məcburiyyət və ya hörmətsizlik etdiyimi inkar edirəm. Bu ittihamlar tamamilə yalandır".
İspaniya mətbuatında iki qadının İqlesiasın malikanələrində işləyərkən onun tərəfindən cinsi təcavüzə və hücuma məruz qaldıqları barədə xəbərlər yayılmışdı. İddialara görə, hadisələr 2021-ci ildə müğənninin Dominikan Respublikası və Baham adalarındakı evlərində baş verib. Qadınlardan biri ev işçisi, digəri isə fizioterapevt olub.
Ən varlı ispaniyalı sənətçilərdən biri olan İqlesiasın rəsmi olaraq səkkiz övladı var. Onlardan biri Enrike İqlesiasdır. O da atasının yolunu davam etdirib və məşhur ifaçı olub.