RU

Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsində tarixi rolu



Azərbaycan xalqının müasir tarixində 1990-cı ilin 20 Yanvar faciəsi həm böyük milli faciə, həm də milli oyanış və azadlıq mübarizəsinin dönüş nöqtəsi kimi xüsusi yer tutur. Bu hadisələr təkcə faciə deyil, həm də xalqın iradəsinin sarsılmazlığını nümayiş etdirən tarixi mərhələdir. Məhz bu ağır dövrdə Ulu Öndər Heydər Əliyevin nümayiş etdirdiyi mövqe, prinsipiallıq və siyasi cəsarət sonralar 20 Yanvar hadisələrinə obyektiv siyasi-hüquqi qiymətin verilməsində həlledici rol oynadı.
1990-cı ilin yanvar hadisələrindən dərhal sonra Azərbaycan informasiya blokadasına alınmış, dünya ictimaiyyəti baş verənlər barədə obyektiv məlumat əldə etmək imkanından məhrum edilmişdi. Belə bir şəraitdə SSRİ rəhbərliyinin ciddi nəzarəti altında Moskvada yaşayan Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet rəhbərliyinin həyata keçirdiyi hərbi əməliyyatları açıq şəkildə pisləmiş və bu hadisəni insan hüquqlarına, demokratik dəyərlərə və hüquqi normalara zidd addım kimi qiymətləndirmişdi.
Bu bəyanat o dövrün siyasi reallıqları fonunda son dərəcə cəsarətli addım idi. Heydər Əliyev faktiki olaraq böyük risklərə baxmayaraq, xalqının haqq səsini dünyaya çatdırdı və 20 Yanvar həqiqətlərinin ilk müdafiəçisi oldu.
20 Yanvar hadisələrinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz onun təşəbbüsü və siyasi iradəsi nəticəsində:
• Azərbaycan Respublikası Milli Məclisi 20 Yanvar hadisələrinə rəsmi siyasi qiymət verdi;
• Hadisə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayət kimi tanındı;
• Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi;
• 2000-ci il 17 yanvar tarixli Fərmanla şəhidlərə “20 Yanvar şəhidi” fəxri adı verildi;
• Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl qərarlar qəbul edildi.
Bu addımlar 20 Yanvar faciəsinin təkcə tarixi hadisə kimi deyil, həm də dövlətçilik yaddaşının əsas sütunlarından biri kimi formalaşmasını təmin etdi.
Heydər Əliyevin siyasi kursu nəticəsində 20 Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin, müstəqillik ideyasının və azadlıq ruhunun simvoluna çevrildi. Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrildi, “Əbədi məşəl” abidə kompleksi ucaldıldı və hər il yanvarın 20-də dövlət səviyyəsində anım mərasimləri keçirilməyə başlandı.
Bu yanaşma gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında da mühüm rol oynadı. 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının milli şüurunda azadlıq və mübarizə rəmzi kimi yaşayır.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və milli yaddaş siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. 20 Yanvar faciəsinə münasibət, şəhidlərin xatirəsinin uca tutulması, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə çatdırılması müasir Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Prezident İlham Əliyev hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edir, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyaraq Azərbaycan xalqının öz qəhrəman övladlarına olan ehtiramını dövlət səviyyəsində nümayiş etdirir. Bu ənənə təsadüfi deyil – bu, dövlətin tarixi yaddaşa, milli kimliyə və şəhidlərimizin müqəddəs xatirəsinə verdiyi yüksək dəyərin bariz ifadəsidir.
Son illərdə şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul edilən qərarlar da birbaşa Ulu Öndərin siyasi xəttinin davamı kimi qiymətləndirilməlidir. Mənzil və avtomobillə təminat, sosial müavinətlərin artırılması, tibbi və psixoloji reabilitasiya proqramlarının həyata keçirilməsi dövlətin şəhid ailələrinə və müharibə iştirakçılarına olan xüsusi diqqət və qayğısını göstərir. Bu yanaşma həm də 20 Yanvar şəhidlərinin fədakarlığına verilən mənəvi və siyasi qiymətin davamıdır.
Eyni zamanda, 20 Yanvar hadisələrinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də sistemli fəaliyyət həyata keçirilir. Xarici ölkələrdə keçirilən tədbirlər, konfranslar, nəşrlər və informasiya kampaniyaları vasitəsilə 20 Yanvar həqiqətləri dünya ictimaiyyətinə təqdim olunur. Bu isə göstərir ki, dövlət yalnız tarixi yaddaşı qorumaqla kifayətlənmir, eyni zamanda həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması üçün də ardıcıl siyasət yürüdür.
44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə də mənəvi baxımdan 20 Yanvar şəhidlərinin ruhunun zəfəri kimi dəyərləndirilə bilər. Çünki həmin şəhidlərin tökdüyü qan müstəqillik yolunun bünövrəsini qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının “dəmir yumruq” ətrafında birləşməsi, dövlətçiliyin daha da möhkəmlənməsi və ərazi bütövlüyünün bərpa olunması bir daha sübut etdi ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs zamanın sınağından uğurla çıxmış strateji xəttdir.
Beləliklə, 20 Yanvar hadisələrinə verilən siyasi-hüquqi qiymət təkcə tarixi sənəd olaraq qalmamış, müasir Azərbaycan dövlətçiliyinin ideoloji dayaqlarından birinə çevrilmişdir. Bu xəttin davamlılığı isə həm dövlət siyasətində, həm də cəmiyyətin mənəvi yaddaşında öz aydın təzahürünü tapır.
Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsində rolu Azərbaycan dövlətçilik tarixində müstəsna yer tutur. Onun prinsipial mövqeyi, siyasi uzaqgörənliyi və xalqına bağlılığı nəticəsində 20 Yanvar faciəsi unudulmadı, əksinə, milli yaddaşın, dövlətçilik ideologiyasının və azadlıq düşüncəsinin ayrılmaz hissəsinə çevrildi.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.



Избранный
53
aia.az

1Источники