RU

20 Yanvar, Azadlıq uğrunda qanla yazılmış şanlı tarix



Azərbaycan xalqının müasir tarixində 20 Yanvar faciəsi bir matəm günü olmaqla yanaşı, milli iradənin, azadlıq əzminin və dövlətçilik şüurunun ən uca zirvəyə yüksəldiyi şanlı və unudulmaz bir tarix kimi dəyərləndirilir. Bu faciə xalqımızın azadlıq yolunda verdiyi ağır, lakin şərəfli mübarizənin göstəricisi olmuşdur. 1990-cı il yanvarın 20-nə keçən gecə sovet imperiyasının silahlı qüvvələri Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilərək dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törətdi. Heç bir günahı olmayan insanlar, qadınlar, uşaqlar, yaşlılar yalnız azadlıq, ədalət və müstəqillik istədiklərinə görə ağır hərbi texnika və odlu silahlarla qətlə yetirildilər. Bu hadisə totalitar rejimin əsl simasını bütün çılpaqlığı ilə ortaya qoydu. Sovet rəhbərliyi bu qanlı əməliyyatla Azərbaycan xalqının iradəsini sındırmağa, azadlıq hərəkatını boğmağa çalışsa da, nəticə tam əksinə oldu.Mən deyərdim ki,20 Yanvar xalqımızın milli oyanışını daha da gücləndirdi, azadlıq ruhunu sarsılmaz etdi. Azərbaycan xalqı sübut etdi ki, zorakılıq, təzyiq və qırğın yolu ilə onun haqq səsini susdurmaq mümkün deyil. 20 Yanvar şəhidlərinin axıtdığı qan Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi. Bu faciə azad və suveren dövlət quruculuğunun ideoloji və mənəvi bünövrəsini möhkəmləndirdi, milli həmrəyliyi daha da gücləndirdi. Məhz bu şəhidlərin fədakarlığı sayəsində xalqımız öz tarixi taleyini özü müəyyən etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.Faciədən sonra Ümummilli Lider Heydər Əliyevin Moskvada, sovet rəhbərliyinin təzyiqlərinə baxmayaraq, açıq şəkildə bu qanlı cinayəti pisləməsi, hadisəyə hüquqi-siyasi qiymət verməsi xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Onun prinsipial mövqeyi və siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsinə sonradan dövlət səviyyəsində obyektiv qiymət verildi.Bu gün artıq 20 Yanvar hadisəsi tariximizdə yalnız faciə deyil, qəhrəmanlıq, milli ləyaqət və şərəf simvolu kimi yad edilir.Bu gün 20 Yanvar şəhidləri Azərbaycan xalqının qürur mənbəyidir. Onların canı bahasına qazandığımız müstəqillik bu gün güclü, suveren və müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan artıq beynəlxalq arenada söz sahibi olan, öz milli maraqlarını qətiyyətlə müdafiə edən bir dövlətdir.Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılır, onların idealları, azadlıq, ədalət, müstəqillik və milli birlik hər bir azərbaycanlının qəlbində yaşayır. 20 Yanvar faciəsi bizə bir daha xatırladır ki, azadlıq asanlıqla əldə edilmir. O, böyük qurbanlar, sarsılmaz iradə, milli həmrəylik və vətən sevgisi tələb Nəhayət, xüsusilə vurğulanmalıdır ki, 20 Yanvar faciəsini ilk dəfə açıq və qətiyyətlə pisləyən azərbaycanlı məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. 1990-cı ilin yanvarında Moskvada yaşamasına baxmayaraq, o, bütün təhlükələri gözə alaraq Azərbaycanın daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti dünya ictimaiyyəti qarşısında sərt şəkildə ifşa etdi. Bu cəsarətli mövqe xalqın səsini ucaldan tarixi addım oldu. Daha sonra Ulu Öndər Heydər Əliyevin Bakıya gələrək Azərbaycan Respublikasının Ali Sovetində (Parlamentdə) 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı prinsipial və tarixi mövqeyini ortaya qoyması bu faciəyə dövlət səviyyəsində obyektiv münasibətin formalaşmasında həlledici rol oynadı. Onun qətiyyəti və milli maraqlara söykənən siyasi iradəsi sayəsində 20 Yanvar faciəsi Azərbaycan tarixində yalnız bir faciə kimi deyil, azadlıq uğrunda canından keçən qəhrəmanların şərəf salnaməsi kimi təsbit olundu. Bu gün müstəqil Azərbaycan dövləti məhz həmin ideoloji xəttin davamı olaraq şəhidlərin xatirəsini uca tutur və onların amallarına sadiqliyini əməli fəaliyyəti ilə sübut edir. Qürur hissi ilə sonda qeyd etmək istəyirəm ki, qanla yazılmış bu tarix Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır, gələcək nəsillərə azadlığın qiymətini anlatan müqəddəs bir dərs kimi ötürüləcəkdir.

Yeganə Şükürova,
YAP Saatlı rayonu 4 saylı ƏPT-nin sədri




Избранный
17
aia.az

1Источники