BAKI, 16 yanvar. TELEQRAF
İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı yaradılıb.
Təqaüd proqramının təqdimatı çərçivəsində Bakcell-in baş direktoru Klaus Müller və Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı imzalanıb. Tədbirdə müxtəlif dövlət qurumları və gənclər təşkilatlarının nümayəndələri də daxil olmaqla, 300-dən çox qonaq iştirak edib.
Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin təqaüd proqramından yararlanması nəzərdə tutulur.
Təqaüd proqramına müraciət etmək istəyən 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərinə sahib gənclər http://youthfoundation.az/ saytı vasitəsilə 16 fevral tarixinədək qeydiyyatdan keçə bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.