RU

AAYDA sədri Saleh Məmmədovun qudası Rauf Vəliyev niyə vəzifədən çıxarıldı? – Maraqlı detallar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyev vəzifədən azad edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə onun yerinə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun İdarə Heyətinin sədri təyin olunub.

Rauf Vəliyevin ASCO-ya rəhbərliyi 2013-cü ildən başlayır. Həmin il Prezident İlham Əliyevin sərəncamı ilə “Xəzər Dəniz Gəmiçiliyi” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibində fəaliyyət göstərən Xəzər Dəniz Neft Donanması ləğv edilərək, onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu struktur dəyişikliyindən sonra Xəzər Dəniz Gəmiçiliyinin o vaxtkı rəisi Aydın Bəşirov vəzifədən uzaqlaşdırıldı, yeni yaradılan quruma isə Rauf Vəliyev sədr təyin edildi.

Rauf Vəliyev ölkə ictimaiyyətinə tanış olmayan şəxs deyildi. O, ASCO-ya sədr təyin olunmazdan əvvəl uzun illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sistemində çalışıb. Sonuncu vəzifəsi ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi olub.

Lakin Rauf Vəliyevin ASCO-ya rəhbərlik etdiyi təxminən 13 illik dövr qurumun ciddi inkişafı ilə deyil, daha çox problemlər və narazılıqlarla yadda qaldı. Bu dövrdə ASCO-nun fəaliyyəti ilə bağlı mətbuatda dəfələrlə tənqidi və neqativ materiallar dərc edildi. Ancaq Rauf Vəliyev bu iddialara heç bir zaman açıq şəkildə münasibət bildirmədi, əksinə, özü ilə bağlı məlumatların mediada yayılmaması üçün müxtəlif üsullardan istifadə etdiyi iddia olunub.

Aydın

Onun rəhbərliyi dövründə yadda qalan son ciddi hadisələrdən biri 2025-ci ilin dekabr ayında baş verdi. ASCO-nun tabeliyində olan “Bibiheybət” Gəmi Təmir Zavodunun (GTZ) bağlanacağı ilə bağlı yayılan məlumatlar zavod işçilərinin etirazına səbəb oldu. Zavodun qarşısında keçirilən aksiyada təxminən 800-ə yaxın işçi iştirak edərək, rəhbərliyin onlara qarşı münasibətindən və müəssisənin gələcək taleyindən narazılıqlarını ifadə edirdilər.

Görünür, illər ərzində yığılan bu cür problemlər, narazılıqlar və ictimai etimadın azalması nəticə etibarilə Rauf Vəliyevlə bağlı qərar verilməsini qaçılmaz etdi.
Nəticədə Prezident İlham Əliyevin sərəncamı ilə Rauf Vəliyev ASCO-nun İdarə Heyətinin sədri vəzifəsindən azad olundu. Rauf Vəliyevin fəaliyyəti ilə bağlı mediada səsləndirilən çoxsaylı iddialara baxmayaraq, o, uzun illər ərzində bu məsələlərə rəsmi və ya ictimai açıqlama verməyib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bu gün vəzifədən çıxarılan sabiq rəhbəri Rauf Vəliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun qudasıdır. Rauf Vəliyev 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.(vizual) Daha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib.

Bizimesr.az 

Избранный
73
1
editor.az

2Источники