Türkiyədə cəmi 2-3 şagirdi olan bir neçə məktəb var. Buna baxmayaraq, həmin məktəblərin fəaliyyətinin dayandırılması müzakirə olunmur. Metbuat.az xəbər verir ki, belə təhsil ocaqlarından biri də Mersində fəaliyyət göstərir. Vilayətin Mut rayonunun Sarıkavak kəndindəki məktəbin 2 şagirdi var. Rayon mərkəzindən 40 kilometr uzaqlıqda yerləşən məktəbdə əvvəllər 10 şagird təhsil alıb. 2025-2026-cı tədris ilində isə şagirdlərin sayı 2 nəfərə düşüb. 7 yaşlı Ersan Özəl birinci, 10 yaşlı Miray Güdürə isə 4-cü sinif şagirdidir. Üç ildir məktəbdə çalışan müəllim Əminə Kılıç bildirib ki, şagird azlığının səbəbi kəndin əhalisinin əsasən qocalar olması, doğum səviyyəsinin aşağı düşməsi və uşaqların sayının azalmasıdır. “Kəndin şəhər mərkəzindən uzaq olması da şagird sayına təsir edib. Hazırda cəmi iki məktəbli ilə təhsilimizi davam etdiririk. Hər bazar ertəsi və cümə günü mütləq İstiqlal Marşımızı oxuyuruq. Tək bir şagirdimiz qalsa belə, İstiqlal Marşımızı oxumağa davam edəcəyik", - müəllim Əminə Kılıç yerli jurnalistlərlə söhbət zamanı belə deyib.