RU

Bu işçilərlə bağlı QƏRAR VERİLDİ – Məcburi olacaq!

Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklər əmək münasibətlərində işçi–işəgötürən balansının daha dəqiq tənzimlənməsinə yönəlmiş yeni hüquqi çərçivə formalaşdırır.

Son illər rəqəmsallaşma, kommersiya məlumatlarının dəyərinin artması və əmək münasibətlərinin çevikləşməsi fonunda mövcud qanunvericiliyin bir sıra müddəaları praktik ehtiyacları tam əhatə etmirdi. Məhz bu kontekstdə edilən dəyişikliklər əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinin genişləndirilməsini nəzərdə tutur və artıq bu öhdəliklər qanunvericilik səviyyəsində daha açıq və konkret şəkildə müəyyən olunur. Yeni yanaşma həm işəgötürənlərin hüquqi maraqlarının qorunması, həm də işçilərin vəzifə çərçivəsinin dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qanuna edilən dəyişikliklərə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasına dövlət, kommersiya və vergi sirrinin müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlanılması əlavə olunur. Bu müddəa xüsusilə strateji məlumatlarla işləyən dövlət qurumları, bank sektoru, iri şirkətlər və vergi məlumatlarına çıxışı olan işçilər üçün aktualdır. Artıq bu məsələ yalnız daxili qaydalar və ya əlavə razılaşmalarla deyil, birbaşa Əmək Məcəlləsinin tələbi kimi müəyyən edilir. Digər mühüm dəyişiklik isə Əmək Məcəlləsində nəzərdə tutulan məhdudiyyətlər nəzərə alınmaqla işəgötürənin tapşırığı əsasında işçinin ezamiyyətə getmək öhdəliyinin əsas vəzifələr sırasında təsbit olunmasıdır. Qanunda ezamiyyət anlayışı da dəqiqləşdirilərək, işəgötürənin əmri ilə işçinin müəyyən müddətə iş yerindən başqa yerə qanunauyğun tapşırığı yerinə yetirmək üçün göndərilməsi kimi müəyyən olunur.

Ramil Süleymanov

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, bu dəyişikliklər əmək münasibətlərində uzun müddət mövcud olan hüquqi boşluqları aradan qaldırmağa xidmət edir.

Onun fikrincə, indiyədək sirrin qorunması məsələsi daha çox mülki-hüquqi müqavilələrdə və daxili intizam qaydalarında yer alsa da, Əmək Məcəlləsində açıq şəkildə əsas vəzifə kimi göstərilməməsi mübahisələrə yol açırdı:

“Yeni dəyişikliklə işçinin üzərinə düşən məsuliyyət artıq birbaşa qanundan irəli gəlir. Bu, o deməkdir ki, işçi dövlət, kommersiya və ya vergi sirrini yaydığı halda, işəgötürən məsuliyyət məsələsini sübut etmək üçün əlavə hüquqi mexanizmlər axtarmağa məcbur qalmayacaq”.

Ramil Süleymanov ezamiyyətlə bağlı müddəanın da praktik baxımdan vacib olduğunu vurğulayır.

Onun sözlərinə görə, əvvəllər bəzi işçilər əmək müqaviləsində ezamiyyətlə bağlı xüsusi qeyd olmadığı halda işəgötürənin bu tapşırığını yerinə yetirməkdən imtina edir, bu isə tərəflər arasında mübahisələr yaradırdı:

“İndi qanun açıq şəkildə bildirir ki, Əmək Məcəlləsində müəyyən olunmuş məhdudiyyətlər istisna olmaqla, işçi işəgötürənin ezamiyyət tapşırığını yerinə yetirməlidir. Burada əsas məsələ ‘qanunauyğun tapşırıq’ anlayışıdır. Yəni ezamiyyət işçinin sağlamlığına, ailə vəziyyətinə və ya digər qanunla qorunan hüquqlarına zidd olmamalıdır”.

Hüquqşünas əlavə edib ki, bu dəyişikliklər işçilərin hüquqlarının məhdudlaşdırılması kimi yox, əmək münasibətlərinin daha şəffaf və balanslı qurulması kimi qiymətləndirilməlidir:

“Vəzifələrin qanunda dəqiq göstərilməsi həm işçiləri, həm də işəgötürənləri mümkün sui-istifadə hallarından qoruyur. İşçi əvvəlcədən bilməlidir ki, hansı hallarda ezamiyyətə göndərilə bilər və hansı məlumatları gizli saxlamaq öhdəliyi daşıyır. Bu isə əmək münasibətlərində hüquqi müəyyənliyi artırır”.

Ramil Süleymanov bildirib ki, ümumilikdə, Əmək Məcəlləsinə edilən bu dəyişikliklər müasir əmək bazarının tələblərinə uyğun olaraq işçi və işəgötürən arasında məsuliyyət bölgüsünü daha aydın şəkildə müəyyənləşdirir. Qanunun tətbiqi praktikasında bu yeniliklərin necə işləyəcəyi zamanla bəlli olsa da, artıq indidən aydındır ki, dəyişikliklər əmək intizamının gücləndirilməsi və hüquqi mübahisələrin azalması baxımından əhəmiyyətli rol oynayacaq.

Избранный
29
nocomment.az

1Источники